“Morgan Stanley” bankı bütün bölmələri üzrə əməkdaşlarının təxminən 3%-ni — yəni təxminən 2,5 min nəfəri ixtisar etməyi planlaşdırır. Bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb. Bildirilir ki, çoxsaylı işdən çıxarmalar martın 4-də baş verib və bu addım biznes prioritetlərinin dəyişdirilməsi və bankın fəaliyyətinin səmərəliliyinin artırılması məqsədi ilə əlaqələndirilir.
Nəşrin mənbələrinin sözlərinə görə, ixtisarlar bankın üç əsas bölməsinin əməkdaşlarını əhatə edib — investisiya bankçılığı və treydinq, kapitalın idarə edilməsi və investisiya idarəçiliyi. Ötən il əməkdaşlarının sayı 83 minə yaxınlaşan “Morgan Stanley” məhz bu üç istiqamət üzrə rekord illik gəlir barədə hesabat təqdim etmişdi. Dördüncü rübdə bank aktivlərin idarə edilməsi bölməsinin gəlirlərinin 13% artdığını açıqlamışdı. Adətən bu bölmə maliyyə institutunun ümumi gəlirinin demək olar ki, yarısını formalaşdırır.
Son illərdə “Morgan Stanley” bir neçə dəfə işçi ixtisarı həyata keçirib. Ötən il isə “Salesforce” süni intellekt sahəsində əldə edilən nailiyyətlər səbəbindən müştəri dəstəyi xidmətində çalışan təxminən 4 min əməkdaşını ixtisar etmişdi. Eyni zamanda “Pinterest” şirkəti resurslarını daha çox süni intellektlə bağlı layihələrə yönəltmək planı çərçivəsində işçilərinin təxminən 15%-ni işdən çıxardığını bildirmişdi.
Fevralın sonunda isə Cek Dorsi “Block” şirkətində əməkdaşların 40%-nin və ya 4 mindən çox nəfərin ixtisar edilməsini planlaşdırdığını açıqlamışdı. WSJ-nin yazdığına görə, əsas səbəb kimi süni intellekt modellərinin sürətlə inkişaf etməsi göstərilib.






