“OpenAI” şirkəti mümkün ilkin kütləvi səhm yerləşdirilməsi (IPO) ilə bağlı Uoll-Strit bankları ilə qeyri-rəsmi danışıqlar aparır. Bu barədə mənbələrə istinadən “The Wall Street Journal” (WSJ) yazır. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, şirkət 2026-cı ilin dördüncü rübündə birjaya çıxmağı planlaşdırır.
WSJ qeyd edir ki, hazırda “OpenAI” maliyyə komandasını genişləndirir. Şirkət korporativ maliyyə üzrə direktor vəzifəsinə təşkilatların IPO-ya hazırlanması sahəsində böyük təcrübəyə malik olan Sintiya Geyloru işə götürüb — o, 2013-cü ildə “Twitter”in birjaya çıxarılmasına kömək edib. Bundan əlavə, ChatGPT-nin yaradıcısı baş mühasib vəzifəsinə Acmera Deyli də işə cəlb edir — o, təxminən on il mühasibatlıqla məşğul olduğu “Block Inc.” şirkətindən ayrılmaq üçün artıq ərizə verib.
WSJ-nin məlumatına görə, “OpenAI” rəhbərliyi keçmiş əməkdaşları tərəfindən yaradılmış rəqib “Anthropic” şirkətini qabaqlamağa çalışır. “Claude” çat-botunu hazırlayan bu şirkət ilin sonuna qədər listinqə hazır olacağını bildirib. “Financial Times” yazır ki, “Anthropic artıq” “Wilson Sonsini” hüquq firmasını cəlb edib və hazırda banklarla danışıqlar aparır.
“OpenAI”nin baş icraçı direktoru Sem Altman isə mümkün dəyişikliklərə skeptik yanaşır. “Mən açıq səhmdar cəmiyyətin baş direktoru olmağa şadam? 0%. OpenAI-nin birjaya çıxması məni sevindirirmi? Bir mənada bəli, digər mənada isə düşünürəm ki, bu, çox xoşagəlməz olacaq”, — deyə Altman dekabr ayında “Big Technology” podkastında bildirib.






