6 C
Baku
Monday, December 29, 2025

WSJ: Süni intellekt səbəbindən şirkətlər 2026-cı ildə yeni işçilər işə götürməyi planlaşdırmırlar

“The Wall Street Journal” yazır ki, şirkətlər 2026-cı ildə yeni işçilər işə götürməyi planlaşdırmır və daha böyük həcmdə işi yerinə yetirmək üçün texnologiyalardan daha fəal istifadə etməyə ümid edir. İş axtarışı platforması “Indeed”in analitikləri gələn il ABŞ-də məşğulluğun minimal artım göstərəcəyini proqnozlaşdırırlar.

Qəzet əlavə edir ki, Yel Universitetinin Menecment Məktəbi tərəfindən Manhettendə təşkil olunan dekabr toplantısında şirkət rəhbərlərinin 66%-i ya işçi sayını azaltmağı, ya da mövcud komanda ölçüsünü qorumağı planlaşdırdıqlarını bildirib. Respondentlərin yalnız üçdə biri yeni işçilər işə götürmək niyyətində olduqlarını qeyd edib. Nəşrin izahına görə, bu tendensiyanın əsas səbəbləri iqtisadiyyatın vəziyyəti ilə bağlı narahatlıqlar və biznesin süni intellektə (Sİ) üstünlük verməsidir.

WSJ xatırladıb ki, ABŞ-də işsizlik səviyyəsi noyabr ayında 4,6%-ə yüksəlib ki, bu da son dörd ilin ən yüksək göstəricisidir. ABŞ bazarında səhiyyə və təhsil sahələrində yeni iş yerləri yaradılsa da, ofis işçiləri üçün əmək bazarının yavaşlamağa başladığını göstərən əlamətlər güclənir. Bu tendensiya son aylarda ofis vəzifələrini ixtisar etmiş “Amazon”, “Verizon” və “Target” daxil olmaqla, ən böyük işəgötürənlərdə də müşahidə olunur.

Qəzetin məlumatına görə, işə qəbulun azalması və iri şirkətlərin daxilində süni intellektin daha çox işi üzərinə götürə biləcəyinə dair inam iqtisadiyyatın vəziyyəti ilə bağlı narahatlıqları gücləndirir. WSJ həmçinin qeyd edib ki, bəzi təşkilatlar əvvəlki dövrlərdə, xüsusilə koronavirus pandemiyasından sonra, həddindən artıq çox işçi işə götürüblər və hələ də ştat sayını tənzimləyirlər.

“International Business Machines” (IBM) şirkətinin baş icraçı direktoru Arvind Krişna bildirib ki, mövcud vəziyyətdə bir çox əməkdaşlar iş yerlərini qorumağa çalışırlar, belə ki, şirkət daxilində kadr axını son 30 ilin ən aşağı səviyyəsinə — 2%-ə enib. Onun sözlərinə görə, bu da işə qəbulun azalmasına səbəb olur. 2026-cı ildə ştatın genişləndirilməsi planlarının olmadığını “Wells Fargo” da açıqlayıb. Şirkətdə əməkdaşların sayı xərclərin azaldılması və bankın restrukturizasiyası proqramları fonunda 2019-cu ildəki 275 min nəfərdən 210 min nəfərə düşüb. Təşkilatda qeyd edilib ki, süni intellektin kadr məsələsinə əhəmiyyətli təsiri gözlənilir.

“Wells Fargo”nun baş icraçı direktoru Çarli Şarfın sözlərinə görə, bir çox rəhbər süni intellektin əmək bazarına vura biləcəyi zərər barədə açıq danışmaqdan çəkinir. “Heç kim ayağa qalxıb gələcəkdə daha az işçimizin olacağını demək istəmir. Bunu ucadan demək çətindir”, — deyə o bildirib.

“Indeed”in iqtisadi tədqiqatlar üzrə direktoru Laura Ullrix hesab edir ki, 2026-cı ildə yeni iş yerlərinin yaradılması baxımından ən zəif sahələr yüksək maaşlı sektorlar olacaq. Bunlara məlumatların təhlili, proqram təminatının hazırlanması, marketinq və əyləncə sənayesi daxildir. Eyni zamanda səhiyyə və tikinti sahələrində işə qəbulun artacağı gözlənilir. Onun fikrincə, ofis işçiləri arasında məşğulluğun azalması tendensiyası iqtisadi artım sürətlənərsə dəyişə də bilər, bu halda bəzi işəgötürənlər inkişaf üçün əlavə kadrlara ehtiyac duyduqları qənaətinə gələ bilərlər.

“Financial Times” bu gün iqtisadçılara istinadən bildirib ki, Ukraynadakı münaqişənin nizamlanması və ya ən azı davamlı atəşkəsə nail olunması Avropada iqtisadi dirçəlişə səbəb ola bilər. Ekspertlərin fikrincə, bu halda enerji daşıyıcılarının qiymətlərinin azalması və Avropa ixracının artması gözlənilir ki, bu da iqtisadi vəziyyətə müsbət təsir göstərəcək.

Eyni zamanda, bəzi mütəxəssislər hesab edirlər ki, Avropa iqtisadiyyatı 2026-cı ildə Almaniyanın borc vəsaitləri hesabına maliyyələşdirilən, ümumi həcmi 1 trilyon avro olan infrastruktur və müdafiə layihələri proqramından asılı olacaq. İqtisadçılar mənfi amillər sırasında Trampın rüsumlarını, Çin şirkətləri ilə rəqabəti, həmçinin ABŞ fond bazarlarında “süni intellekt köpüyü”nü qeyd ediblər.

Son xəbərlər
Digər xəbərlər