ABŞ prezidenti Donald Tramp köməkçilərinə bildirib ki, ABŞ-nin İrana qarşı hərbi kampaniyasını, hətta Hörmüz boğazı bağlı qalsa belə dayandırmağa hazırdır. Bu barədə Amerika administrasiyasındakı mənbələrə istinadən “The Wall Street Journal” (WSJ) yazır.
Nəşrin məlumatına görə, Ağ Ev rəhbəri və onun komandası son günlər belə nəticəyə gəlib ki, boğazın blokadadan çıxarılması əməliyyatı Trampın planlaşdırdığı 4–6 həftədən daha uzun çəkə bilər. ABŞ lideri hesab edir ki, Vaşinqton əsas məqsədlərə — İranın hərbi-dəniz qüvvələrinin zəiflədilməsi və raket ehtiyatlarının azaldılmasına — nail olmalıdır.
Bundan əlavə, ABŞ hazırkı hərbi əməliyyatları “yığışdırmaq”, eyni zamanda Tehrana diplomatik təzyiq göstərərək sərbəst ticarətin bərpasına nail olmaq istəyir. Rəsmi şəxslərin sözlərinə görə, bu mümkün olmazsa, Vaşinqton Avropa və Fars körfəzi üzrə müttəfiqlərinin Hörmüz boğazının açılması təşəbbüsünü üzərinə götürməsini istəyəcək.
Ağ Evin mətbuat katibi Kerolayn Levitt bildirib ki, ABŞ tərəfi İranla 6 aprelədək razılaşma əldə etməyə ümid edir.
Martın 30-da İran parlamentinin milli təhlükəsizlik komissiyasının üzvü Alaeddin Borujerdi bəyan edib ki, yeni qanun layihəsinə əsasən, Hörmüz boğazından keçid ödənişli ola bilər. ABŞ dövlət katibi Marko Rubio isə “ABC News”a müsahibəsində bildirib ki, ABŞ İranın gəmilərin keçidi üçün ödəniş tələb etməsinin qarşısını almaq istəyir və Trampın bunun qarşısını almaq üçün bir neçə variantı var.
Martın 25-də Tehran dost ölkələrə məxsus gəmilərin Hörmüz boğazından keçidinə icazə verib. Xüsusilə Rusiya, Hindistan və Çin gəmilərinin hərəkəti təsdiqlənib. Bununla belə, İranın “düşmənləri” üçün keçidə qoyulan qadağa qüvvədə qalır.





