Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək 13-cü sessiyasının xarici iştirakçıları üçün viza pulsuz və sadələşdirilmiş olacaq.
Bu barədə WUF13-ün milli əlaqələndiricisinin müavini Gülşən Rzayeva WUF13 ilə bağlı regional KİV üçün onlayn brifinqdə bildirib.
“İştirakçılar üçün viza pulsuz olacaq. Vizanı öz ölkənizdəki səfirlik və konsulluqlarda və ya Bakıya gəldikdən sonra rəsmiləşdirmək mümkün olacaq. Həmçinin vətəndaşlarının ölkəyə girişi üçün vizanın tələb olunmadığı bir sıra ölkələr də var”, – o deyib.
G.Rzayeva qeyd edib ki, WUF13 çərçivəsində Azərbaycanın 2024-cü ilin noyabrında uğurla ev sahibliyi etdiyi COP29 qlobal iqlim konfransı zamanı tətbiq edilən viza rejimi tətbiq olunacaq.







