8 C
Baku
Friday, December 13, 2024

Xəyalət bankir Balayev Almaniyada yaxalanıb – 4 pasportu var, milyardlarla pul “yuyub”

Müasir dövrün ən iri və ən sirli kölgə bankirlərindən hesab edilən, neçə vaxtdır beynəlxalq axtarışda olan  Ruslan Balayev (yaxud Barkovski) Almaniyada yaxalanıb.

Əməliyyatçılar onun “Master-bank” Rusiya bankı üzərindən yüz milyardlarla rubl (milyardlarla dollar) pulu “yuduğunu” və nəğdləşdirdiyini bildirir. Banker.az bu barədə Virtual Azərbaycan-a istinadən xəbər verir.

Lakin, Balayevi hələlik başqa ittihamla tutublar. İstintaq hesab edir ki, Barkovski Çeçenistan rəhbərinin Ukraynadakı keçmiş səlahiyyətli nümayəndəsi Ramzan Sitsullayevin adı keçən adam oğurluğunda əlbir olub.

Hüquq-mühafizə orqanlarından “Rosbalt”a deyiblər ki, Barkovski son illərdə Avstriyada yaşayırdı. Orada o, 2017-ci ildə Rusiyanın sorğusu əsasında həbs olunub. Lakin xəyalət bankiri tezliklə iri məbləğdə girov əvəzində azadlığa buraxıblar, onun Rusiyaya ekstradisiyası işi ləngiyib. Gözlənilmədən bu həftə Barkovski Almaniyaya gedib və orada yerli polis tərəfindən beynəlxalq axtarışda olan şəxs kimi saxlanılıb. Rusiya Baş prokurorluğu artıq onun ekstradisiyası üçün materialları hazırlayır.

İstintaqın versiyasına görə Ruslan Barkovski “Delta Key” ödəniş sisteminin vahidi Andrey Novkovla sıx əlaqədə olub, onlar işgüzar partnyorları Əli Zikriyevlə birlikdə vəsaitlərin qanunsuz nəğdləşdirilməsi əməliyyatlarını həyata keçiriblər. Belə əməliyyatların birində necə olubsa 100 milyon rubl “yoxa çıxıb”. Novikov əmin idi ki, həmin pulu tərəfdaşı Zikriyev əkişdirib. Lakin Çeçenistan sakini Zikriyevin güclü arxası olduğu üçün Novikov Barkovskidən dəstək istəyib. Barkovski isə Sitsullayevin dostu idi və istintaq hesab edir ki, onlar 2014-cü ildə Zikriyevi oğurladıblar. İki gün girov saxlayıblar və 100 milyon rublu ödəməyi boynuna qoyublar. Daha sonra Zikriyev hüquq-mühafizə orqanlarına şikayət edib və həmin şikayət əsasında Novikov, habelə Sitsullayevin mühafizəçisi həbs olunub. 2017-ci ildə isə Sitsullayevin özünü həbs ediblər.

Əməliyyatçılar deyirlər ki, Barkovskini əsl xəyalət-adam saymaq olar. Onun hansı familiya altında doğulduğunu hələ də heç kim bilmir. Rusiyada bu adam ilk dəfə 90-cı illərdə Zaur Balayev kimi meydana çıxıb. Lakin sonradan adını Ruslan Barkovski olaraq dəyişdirib. Hərçənd əlinin altında başqa ad və familiyalarla daha bir neçə pasportu olub. Onun həqiqi pasportları arasında Rusiya, Ukrayna, Azərbaycan və İspaniya pasportlarının olduğu bildirilir. Nəticədə Balayev-Barkovski geniş çeşiddə pasportları sayəsində daim dünya ölkələrini dolaşıb.

Barkovskinin dostu Sitsullayevin adı bundan əvvəl azərbaycanlı biznesmenin qətlini sifariş verməkdə hallanırdı. Belə ki, iki il əvvəl Rusiya İstintaq Komitəsi hazırda həbsdə olan killer Cambulat Madayevə qarşı adam öldürməyə cəhd maddəsi ilə cinayət işi qaldırıb. Madayevin öldürmək istədiyi şəxs azərbaycanlı biznesmen İzmir İsmayılovdur. Qətlin sifarişini verən isə Çeçenistanın Ukraynadakı nümayəndəliyinin keçmiş rəhbəri Ramzan Sitsulayevdir. Bu qətl sifarişi istintaqın versiyasına görə Rusiyada sovet dövrünün ən iri plastmas zavodlarından biri olan “Omsk-Polimer” zavodunun mirası uğrunda münaqişə ilə bağlı olub. Belə ki, müflis olan zavodun korpusunu və ərazisini 2012-ci ildə “GreenLight” MMC adlı şirkət alıb. Həmin şirkətin sahibləri isə Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş “Sorandi Limited” adlı offşor şirkət idi, bu şirkətin təsisçiləri isə Azərbaycan vətəndaşları İzmir İsmayılov və Ruslan Barkovski (yaxud Zaur Balayev) olub.

Partnyorlar o vaxt elan ediblər ki, “Omsk-Polimer” zavodunun xaraba sexlərini rekonstruksiya edəcəklər və onun əsasında Rusiyanın ilk özəl sənaye parklarından birini yaradacaqlar. Lakin onların planı hansısa səbəblərə görə baş tutmayıb.

Əvəzində üç ildən sonra məlum olub ki, “GreenLight” şirkətinin əmlakı girov qoyulmaqla banklardan iri məbləğlərdə kredit alınıb. Tərəfdaşlar-İsmayılov və Balayev bir-birlərini “xəlvəti sövdələşmələrdə” ittiham ediblər, mübahisəyə Moskva məhkəmələrini və özəl mühafizə şirkətlərini cəlb ediblər. Münaqişənin qızğın vaxtında, 2015-ci ilin yayında Çeçenistanın Ukraynadakı nümayəndəliyinin rəhbəri Ramzan Sitsulayev “Green Light” MMC-nin payçısı İsmayılovun qətlini sifariş verib.

Lakin sonradan çeçen nümayəndə qətl sifarişini ləğv edir, çünki onların arasında anlaşma əldə olunur və artıq üçüncü dəfə müflis olan zavod yenidən dövlət mülkiyyətinə qaytarılır. Hətta Sitsulayev killerdən azərbaycanlı biznesmeni öldürmək üçün verdiyi 100 min dollar avansı da geri qaytarmağı xahiş edir.

 

 

Son xəbərlər
Digər xəbərlər