“Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” QSC (CIIC) 2024-cü ildə gəlirlər 1 milyon 31.2 min manat olub, bu da 2023-cü illə müqayisədə 4% artım deməkdir.
Banker.az xəbər verir ki, bu barədə şirkətin illik audit hesabatında bildirilir.
Dividend gəlirləri də 38.3 min manatdan 88.9 min manata yüksələrək 132% artım göstərib. Bununla belə, maliyyə aktivlərindən yaranan zərər 144.2 min manat təşkil edib, halbuki ötən il 110.9 min manatlıq mənfəət əldə edilmişdi. Satışların maya dəyəri 981.4 min manat olub və 2023-cü illə müqayisədə 12% artıb.
Şirkətin ümumi mənfəəti 367.4 min manatdan 44.7 min manata enib, yəni 88% azalıb. İdarəetmə və əməliyyat xərcləri 578 min manatdan 679 min manata yüksələrək 17% artıb. Nəticədə əməliyyat zərəri 210.1 min manatdan 634.4 min manata yüksəlib, bu isə 3 dəfədən çox artım deməkdir. İl üzrə xalis zərər 556.5 min manatdan 616.1 min manata yüksələrək 11% artım qeydə alınıb.
Balans göstəricilərinə baxıldıqda, şirkətin ümumi aktivləri 2023-cü ildəki 20 milyon 557.7 min manatdan 2024-cü ildə 15 milyon 954.8 min manata düşüb ki, bu 22% azalmadır. Qeyri-dövri aktivlər 9.6 milyon manatdan 9.3 milyon manata geriləyib. Dövriyyə aktivləri isə 10.9 milyon manatdan 6.7 milyon manata düşərək 39% azalıb. Xüsusilə nağd vəsaitlər 7.7 milyon manatdan 3.8 milyon manata enib, bu isə 50% azalma deməkdir.
Öhdəliklər 1 milyon 193.6 min manatdan 82.9 min manata kəskin azalaraq 93% aşağı düşüb. Pay kapitalı 27.6 milyon manatdan 24.2 milyon manata enib, yəni 12% azalma müşahidə olunub.
“Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” 2008-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 24.2 milyon manatdır. Şirkətin səhmdarları 28% payla İslam İnkişaf Bankı, 24 % payla İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC, 18% payla Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, 16 % payla “Al Ahmar Group for Trading, Industrial & General Agencies” və 14 % payla “Saham Holding Company”dir.