8 C
Baku
Friday, January 16, 2026

“Xəzər Dəniz Gəmiçiliyi”nin yeni sədri kimdir?

Əfqan Süleyman oğlu Cəlilov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri təyin edilib.

Banker.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Əfqan Süleyman oğlu Cəlilov kimdir?

Əfqan Süleyman oğlu Cəlilov 1978-ci ildə anadan olub. 1995 – 2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakültəsi üzrə bakalavr, daha sonra isə qiymət və qiymətin əmələ gəlməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi alıb.

2002 – 2005-ci illərdə Milli Bankın Bazar əməliyyatları departamentində çalışıb.

2005 – 2013-cü illərdə “AGBank” ASC-nin Metodologiya şöbəsinin rəisi, İnkişaf departamentinin direktoru, Maliyyə nəzarəti üzrə baş direktor vəzifəsində işləyib. 2013-cü ildə “AGBank” ASC-də İdarə Heyəti sədrinin müavini təyin edilib. 2016 – 2020-ci illərdə “AGBank” ASC-də İdarə Heyətinin sədri vəzifəsində işləyib.

2021 – 2023-cü illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində olan “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri olub. 2023-cü ilin oktyabrın 30-da RİNN-in tabeliyində olan Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub. Hazırda isə Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edirdi.

2013-cü ildə Beynəlxalq Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) tərəfindən Beynəlxalq Maliyyə Hesabatı üzrə diplomla təltif olunub.

Əfqan Cəlilov Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” publik hüquqi şəxsin Müşahidə Şurasının üzvü təyin edilib.

 

Son xəbərlər
Digər xəbərlər