2 C
Baku
Sunday, December 15, 2024

Xəzərdə yaradılan süni torpaq sahəsinin özgəninkiləşdirilməsinə yol verilməyəcək

Xəzər dənizində yaradılan süni torpaq sahəsinin və ya onun bir hissəsinin özgəninkiləşdirilməsinə yol verilməyəcək.

Bu, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, bu Qanuna uyğun olaraq süni torpaq sahəsinin yaradılması məqsədilə su fondu torpaq sahəsi sifarişçi hüquqi və ya fiziki şəxs olduqda icarə hüququ ilə, sifarişçi dövlət orqanı (qurumu) olduqda isə istifadə hüququ ilə ayrılır.

Süni torpaq sahəsinin yaradılması ilə bağlı tikinti işləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq başa çatdıqda yaranmış süni torpaq sahəsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsində müəyyən olunmuş torpaq sahəsi statusuna malik olur və süni torpaq sahəsi haqqında məlumatlar torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada dövlət torpaq kadastrına daxil edilir.

Süni torpaq sahəsi onun yaradılması başa çatdığı gündən dövlət mülkiyyəti hesab edilir. Süni torpaq sahəsinin və ya onun bir hissəsinin özgəninkiləşdirilməsinə yol verilmir.

Süni torpaq sahəsi haqqında məlumatlar bu Qanuna uyğun olaraq dövlət torpaq kadastrına daxil edildiyi gündən:

– Həmin torpaq sahəsi (süni torpaq sahəsinin baş planında dövlət mülkiyyətində olacaq infrastruktur obyektlərinin və dövlət xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulan obyektlərin yerləşdiyi hissə istisna olmaqla) üzərində hüquqi və ya fiziki şəxs olan sifarişçinin icarə, dövlət orqanı (qurumu) olan sifarişçinin isə istifadə hüquqları yaranır. İcarə hüququ yaranmış sifarişçi 5 (beş) iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan torpaq icarəsi müqaviləsini bağlamalıdır;

– hüquqi və ya fiziki şəxs olan sifarişçinin süni torpaq sahəsinə görə icarə haqqı ödəmək vəzifəsi yaranır. Bu zaman sifarişçi su fondu torpaq sahəsinə görə icarə haqqı ödəməkdən azad olunur,

– qərarla ayrılmış sahilboyu zolağa və sahilboyu zolağa bitişik formada yaradılmış süni torpaq sahəsinə münasibətdə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci hissəsinin tələbləri tətbiq edilmir. Hüquqi və ya fiziki şəxs olan sifarişçi süni torpaq sahəsində, habelə bu qanunda nəzərdə tutulduğu hallarda həmçinin sahilboyu zolağın altında olan torpaq sahəsində inşa etdiyi bina və qurğuların istismarına icazə verildiyi gündən həmin bina və qurğular üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edə bilər. Sifarişçi bina və qurğulara mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı gündən onların yerləşdiyi torpaq sahəsinə görə icarə haqqı ödəməkdən azad olunur və süni torpaq sahəsinin bu Qanunun 6.1.3-cü maddəsində göstərilən kateqoriyaya və məqsədli təyinata aid edilmiş hesab olunur, kateqoriya və məqsədli təyinatı barədə məlumatlar isə dövlət torpaq kadastrına daxil edilir.

Bu Qanun nəzərə alınmaqla nəzərdə tutulmuş müddətdə süni torpaq sahəsinin yaradılması başa çatmadıqda, su fondu torpaq sahəsi üzərində hüquqi və ya fiziki şəxs olan sifarişçinin icarə hüququna xitam verilmiş hesab edilir.

Yaradılması başa çatmış süni torpaq sahəsində bu Qanunun nəzərə alınmaqla bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş müddətdə tikinti obyektlərinin tikintisi başa çatmadıqda, tikintisi başa çatmış və İstismarına icazə verilmiş tikinti obyektlərinin yerləşdiyi hissələr istisna olmaqla, bu Qanuna uyğun olaraq hüquqi və ya fiziki şəxs olan sifarişçinin icarə hüququnun yarandığı süni torpaq sahəsi üzərində icarə hüququna xitam verilmiş hesab edilir.
Süni torpaq sahəsində dövlətə məxsus daşınmaz əmlak obyektləri üzərində mülkiyyət, icarə və istifadə, habelə süni torpaq sahəsi və ya onun hissələri üzərində icarə və istifadə hüquqlarını əldə etməkdə hüquqi və fiziki şəxs olan sifarişçi üstünlük hüququna malikdir.

Bu Qanunun yuxarıdakı müddəaları aşağıdakı hallara şamil edilmir:

– dövlətə məxsus daşınmaz əmlak obyektləri üzərində mülkiyyət, icarə və istifadə hüquqlarının infrastrukturun yaradılması və dövlət xidmətlərinin göstərilməsi ilə bağlı ötürülməsinə;

– bu Qanuna uyğun olaraq infrastrukturun yaradılması və dövlət xidmətlərinin göstərilməsi üçün ayrılmış torpaq sahələri üzərində icarə və istifadə hüquqlarının həmin məqsədlərlə ötürülməsinə.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər