Vətən müharibəsindən sonra “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin komissiyası Xaçınçay su anbarına baxış keçirib və qüsur aktı tərtib edib.
Bunu Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə deyib.
“Müəyyən olunub ki, bu su anbarı 29 il müddətində ermənilər tərəfindən qanunsuz istismar edilib və baxımsız qalıb. Bir sıra avadanlıqların yararsız hala düşməsi müəyyən edilib. 2021-ci ildən başlanan əsaslı təmir işləri nəticəsində 940 metr uzunluğunda bənd yenidən beton üzlüyə alınıb. Həmçinin 7 000 metrlik suaparıcı kanal beton üzlüyə alınaraq üzərində hidrotexniki qurğular quraşdırılıb.
Gölün təmir dövründə inzibati bina və mühafizəçi binası da tikilərək istifadəyə verilib”,- H. Əzimzadə bildirib.
Onun sözlərinə görə, Ağdam rayonu ərazisində yerləşən Xaçınçay su anbarı 1964-cü ildə istismara verilib: “Məqsəd 7 000 hektar ərazidə əkin sahələrinin suvarılmasıdır. Anbarın uzunluğunun 2 500 metr, eninin 1 500 metr, üzərindəki bəndin uzunluğunun 940 metr, su səthinin güzgü sahəsinin 176 hektar olması burada 23 milyon kubmetr su ehtiyatı toplamağa imkan verir. Minerallarla zəngin sudan istifadə edilməklə becərilən torpaqlar daha məhsuldar olur”.
Qeyd edək ki, Xaçınçay su anbarı təmir-bərpadan sonra bu ilin dekabrın 24-də istifadəyə verilib.