Xaçmazın fındıq bağlarında məhsuldarlıq ötən illə müqayisədə 30-35 faiz çoxdur.
Xaçmazlı təsərrüfatçılar avqustun ilk günlərindən fındığın toplanmasına başlayıblar. Hazırda məhsul yığımının qızğın çağıdır. Bu günə kimi fındıq bağlarından 5 min tondan çox məhsul əldə olunub. Məhsul yığımı ilə yanaşı, fındığın qabıqdan təmizlənməsi və qurudulması prosesi də həyata keçirilir.
Yığılan fındığın qabıqdan təmizlənməsi üçün xüsusi aqreqatlardan istifadə olunur. Bu texnologiyanın tətbiqi təsərrüfatçıların işini xeyli yüngülləşdirir.
Hazırda yığılan fındığın bir kiloqramı təsərrüfatçılardan 3 manata alınır.
Təsərrüfatçı Elşad İsmayılov bildirir ki, yığım sentyabr ayının ortalarınadək davam edəcək. “Fındıq bağlarında məhsulu vaxtında toplamaq üçün fəhlələr cəlb olunur. Fındığın bir kiloqramını 50 qəpiyə yığırlar. Məhsul vaxtında toplanmasa, ağacların dibinə tökülür, itki çoxalır. Hazırda fındıq 2,8-3 manata satılır. Amma biz məhsulu toplayıb, anbarda saxlayacağıq. Payız-qış aylarında qiymət daha sərfəli olur. Ötən il dekabr ayında kiloqramını 5 manata satmışıq ”, – deyə təsərrüfatçı vurğulayıb.
Qeyd edək ki, Elşad İsmayılov kimi Xaçmazdakı əksər təsərrüfatçılar məhsulu daha münasib qiymətə satmaq üçün anbarlarda saxlayıb, payız-qış aylarında yerli bazarlarda satırlar.
Fındıqçılıq Xaçmaz rayonunda kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək olan sahələrindəndir. Fındıq istehsalı rayonun kənd əhalisinin əsas qazanc mənbələrindəndir. Rayonda 10-dan çox fındıq qəbulu məntəqəsi və fındıq emalı müəssisələri məhsulu fermerlərdən sərfəli qiymətə alırlar.
Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, rayonda 11 min hektara yaxın fındıq bağı var. Xaçmazın fındıq bağlarından ötən il 8 tondan çox fındıq istehsal edilib.