“Xaliq Faiqoğlu” MMC-nin rəhbəri Faiq Seyidov son günlər Bakıda taksi və ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsi ilə bağlı aparılan müzakirələrə münasibət bildirib.
Şirkətin təsisçisi və baş direktoru Faiq Seyidov son illərdə ictimai nəqliyyatın işinin daha da çətinləşdiyini və bu səbəbdən əhalinin böyük hissəsinin avtobusla daşınmadan imtina etdiyini deyib:
“Bir neçə gün əvvəl rəqəmsal inkişaf və nəqliyyat naziri cənab Rəşad Nəbiyev çıxışı zamanı ictimai nəqliyyatın əhali üçün maraqsız olması barədə fikirlər səsləndirdi. Bu fikirlər hazırda yaranmış vəziyyəti tam əks etdirir. Geridə qalan illərdə ictimai nəqliyyat sahəsində lazımi tənzimləyici tədbirlərin icra edilməməsi, infrastrukturun qurulmaması, sektorun inkişafına hər hansı dəstəyin verilməməsi hazırkı durumun yaranmasına səbəb olub”.
Faiq Seyidov şəhər nəqliyyatında həyata keçirilməsi planlaşdırılan bir sıra yeniliklərin ictimai nəqliyyatın fəaliyyəti üçün vacib olduğunu deyib: “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi mövcud problemlərin tədricən aradan qaldırılması üçün üzərinə həyati əhəmiyyətli vəzifələr götürüb. Hazırda Bakı şəhərinin bir sıra yollarında, xüsusilə şəhərin giriş və çıxış hissələrində avtobus zolaqlarının çəkilməsi müzakirə edilir. Bu məsələ uzun illərdir gündəmdə olsa da, tərəfimizdən dəfələrlə aidiyyəti qurumlara müraciətlər edilsə də, təəssüf ki, bu günədək təsirli mexanizmlər tətbiq edilməyib.
Şəhər nəqliyyatına yeni baxış prinsiplərinin həyata keçirilməsi ilə izolyasiyalı və ya effektiv nəzarət mexanizmlərinin tətbiq edildiyi avtobus zolaqlarının yaradılması paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması, avtobusların dövriyyəsinin və daşıma sürətinin artması baxımından çox faydalı olacaq. ABŞ-nin “Cummins Motors” şirkəti ilə birgə apardığımız təhlillərin nəticəsinə görə hazırda Bakıda avtobusların orta hərəkət sürəti saatda 24 kilometrdir, hətta şəhərin mərkəzi hissələrində bu rəqəm daha da aşağı həddə düşür. Əgər zolaqlarn tətbiqi baş tutarsa, orta sürət həddi müəyyən nisbətdə artacaq. Bu da mövcud avtobuslarla daha artıq sərnişini daşımaq imkanımızın yaranması deməkdir və insanların ictimai nəqliyyata inamının bərpasına gətirib çıxaracaq.
Eyni zamanda uzun illərdir sürətin həddindən artıq aşağı olması amortizasiya xərclərimizin iki dəfə artmasına, eyni zamanda paytaxtda səs və hava kirliliyinin daha da çoxalmasına səbəb olur”.
Şirkət rəhbəri Bakı şəhərində mobilliyin təmin edilməsi istiqamətində xeyli görüləcək işlərin olduğunu deyib: “Hazırda taksi xidmətinin mövcud vəziyyəti ilə bağlı geniş müzakirələr aparılır. Son illərdə bu sahədə yol verilmiş ciddi boşluqlarn nəticəsi göz önündədir. Əlbəttə, hər kəsin daha az xərc çəkərək daha komfortlu səfər etmək istəyi var, bu, normal və kifayət qədər məntiqlidir. Lakin taksilərlə, motosikletlərlə, qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərən digər nəqliyyat vasitələri ilə içərisində 80-90 nəfər olan avtobus niyə eyni vaxtda tıxacda qalmalıdır? Belə olan halda insanlar təbii olaraq ictimai nəqliyyatdan imtina edir, şəxsi minik vasitələrinə yönəlir və şəhərimizdə daha acınacaqlı vəziyyət yaranır.
Təəssüf ki, tıxacların günbəgün artması ekoloji vəziyyətin pisləşməsinə, cəmiyyətdə xroniki stresə gətirib çıxarır. Bütün bunlar bir daha göstərir ki, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi bizdə də ictimai nəqliyyat prioritet olmalıdır. İnsanlar daha az ödəniş etməklə daha qısa vaxtda və daha komfortlu səfər etmək imkanına sahib olmalıdır”.
Faiq Seyidov əlavə edib ki, son 5 il ərzində tamamilə nəzarətsiz qalmış taksi fəaliyyəti rəhbərlik etdiyi şirkətə böyük ziyan vurub: “Hər kəsin də gördüyü kimi, bir çox taksilər ictimai nəqliyyatın hərəkətinə qəsdən və ya şüursuz şəkildə böyük çətinliklər yaradır. Avtobus dayanacaqlarının zəbt edilməsi, süni tıxacların yaradılması, iritutumlu nəqliyyat vasitələrinin hərəkətinin çətinləşməsi ilə yanaşı sığortasız fəaliyyət göstərən taksilərin törətdiyi qəzalar da bizə problemlər yaradır. Təkcə 2022-ci il ərzində taksilər tərəfindən avtobuslarımıza qarşı 182 hadisə törədilmişdir ki, bu avtomobillərin də əksəriyyətinin sığortasız olması müəyyən edilmişdir”.
Hesablamalarımıza görə avtobus zolaqlarının istifadəyə verilməsi və digər tənzimləyici tədbirlər itirdiyimiz 40 faizədək sərnişinin geri qayıtmasına, avtobusların səfər dövriyyəsinin artmasına, intervalların təbii olaraq azalmasına gətirib çıxaracaq və vətəndaş məmnuniyyətini xeyli artıracaq. Paralel olaraq operator şirkətlərə dəstək tədbirlərinin həyata keçirilməsi, 2023-cü il 1 fevralından dayandırılan yanacaq subsidiyasının verilməsinin bərpası, uzun illərdir daşıyıcı şirkətlərə verilməyən uzunmüddətli müqavilələrin təqdim edilməsi təmsil etdiyimiz sektorun dirçəlməsinə və şəhərimizin lokomotiv gücünə çevrilməsinə gətirib çıxaracaq.
“Xaliq Faiqoğlu” şirkətinin rəhbəri AYNA-ya üzərinə götürdüyü məsuliyyətlərin icrasında dəstək verəcəklərini vurğulayb: “Biz beynəlxalq və yerli maliyyə qurumları ilə əməkdaşlıq edərək ölkəmizə xarici investisiyaların cəlb edilməsi, avtobus parklarının yenilənməsi məqsədilə layihələr icra edirik. Xüsusi vurğulamaq istəyirəm ki, 2018-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə müasir avtobusların alınması və paytaxt sakinlərinin xidmətinə verilməsi məqsədilə 12 milyon avroluq müqavilə imzalamışdıq. Lakin həmin dövrdə Bakı Nəqliyyat Agentliyinin qanunvericiliyin tələbini pozaraq bizimlə uzunmüddətli müqavilə yox, qısamüddətli müqavilələr təqdim edərək, bağlamalı olduğu müqaviləni məqsədli şəkildə verməyərək süni maneələr yaratması layihənin yarımçıq dayandırılmasına, böyük maliyyə itkimizin formalaşmasına səbəb oldu.
Halbuki Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimləyici qurumla daşıyıcı şirkət arasında “avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilənin bağlanması tələbi müəyyən edilib. Lakin BNA tərəfindən bu müqavilələrə çox qısa müddətlər tətbiq etməsi və sair digər qanunsuz addımları sektorun dayanıqlılığının itirməsinə, maliyyə institutları tərəfindən etimadın azalmasına və sair ciddi risklərlə qarşı-qarşıya qalmasına gətirib çıxarıb.
Bütün bu çətinliklərdən keçmiş bir şirkətin rəhbəri olaraq hazırda AYNA-nın gördüyü işləri, sektorda sağlamlaşmanın həyata keçirilməsi bizdə böyük ümid və stimul yaradır. İnanırıq ki, AYNA-nın başlatdığı bu prosesdə bizim və özəl sektorun böyük dəstəyi olacaq. Hazırda AYNA ilə birgə bir sıra perspektiv layihələri nəzərdən keçiririk. Bunlardan biri Bakı və Sumqayıt arasında metrobusların (Türkiyə istehsalı olan “OTOKAR” markalı 22 ədəd 21 metrlik elektrikmühərrikli metrobus nəqliyyat vasitəsi) istifadəyə verilməsi ilə bağlı layihədir. Bu layihə reallaşarsa, iki böyük şəhər arasında dayanıqlı və keyfiyyətli sərnişindaşımanın həyata keçirilməsi istiqamətində böyük addım olacaq”.