Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə Xalis stabil maliyyələşmə əmsalının (Net Stable Funding Ratio) tətbiqinə hazırlaşır. Yeniliyi AMB-nin baş direktoru Şahin Mahmudzadə açıqlayıb, bildirib ki, hazırda bununla bağlı konsepsiya hazırlanır. Bəs bu əmsalın tətbiqi bank sisteminə hansı yenilikləri gətirəcək?
Xalis stabil maliyyələşmə əmsalı nədir?
Xalis stabil maliyyələşmə əmsalı bank sektorunun uzunmüddətli likvidliyini təmin etmək məqsədi daşıyan beynəlxalq tənzimləmə standartıdır. “Basel III” bank tənzimləmə çərçivəsinin bir hissəsidir və bankın mövcud sabit maliyyə mənbələrinin, yəni davamlı və etibarlı maliyyə resurslarının, eləcə də aktivlərinin və balansdankənar öhdəliklərinin maliyyələşmə ehtiyaclarına uyğunluğunu qiymətləndirir. Bankların aktivləri adətən uzunmüddətlidir, amma onların borc mənbələri, yəni müştərilərdən toplanan depozitlər və ya borc vəsaitləri çox vaxt qısamüddətli olur. Bu da, sözsüz ki, risk yaradır. Çünki qısamüddətli depozitlər geri çəkilsə, bankın uzunmüddətli öhdəliklərini yerinə yetirməkdə çətinlik yaşayacağı qaçılmazdır. Xalis stabil maliyyələşmə əmsalı məhz bu riski və yaranacaq şokları minimuma endirmək üçün tətbiq edilir. Başqa sözlə, bu əmsal bankların uzunmüddətli maliyyə dayanıqlığını ölçən bir likvidlik göstəricisidir.
İqtisadi baxımdan mövcud sabit maliyyələşmənin tələb olunan sabit maliyyələşməyə bölünməsi və 100-ə vurulması ilə hesablanır. Alınan nəticə bankın uzunmüddətli maliyyə sabitliyini göstərir, əmsal 100 faizdən yuxarı olduqda isə bankın mövcud sabit maliyyələşmə mənbələrinin aktivlərini tam və etibarlı şəkildə maliyyələşdirdiyi mənasına gəlir.
Kredit faizləri düşə, müddəti uzana bilər
Dünya praktikasında bu göstərici bankların uzunmüddətli maliyyə sabitliyini ölçmək üçün istifadə edilir. Tətbiq olunmasında da əsas məqsəd bankların qısamüddətli borclardan asılılığını azaltmaq və onların daha stabil, uzunmüddətli maliyyə mənbələri ilə fəaliyyət göstərməsini təmin etməkdir.
Məsələ ilə bağlı iqtisadçı Eyyub Kərimli bildirir ki, dəyişiklik sayəsində yerli banklarımız uzunmüddətli kreditləri depozitlərdən əldə etdikləri gəlirlər hesabına deyil, daha sabit və dayanıqlı maliyyə mənbələri hesabına verə biləcək. İndiki halda, heç kimə sirr deyil ki, banklar kreditləri əhalidən topladıqları depozitlər hesabına maliyyələşdirir. Sözsüz ki, bu da kreditlərin müddətinin çox qısa olmasına gətirib çıxarır. Yəni kreditlər maksimum 36-60 aya verilə bilir, üstəlik, faizlər də yüksək olaraq qalır. Ekspert düşünür ki, sabit maliyyə mənbəsi olduğu halda, banklar digər mənbələrdən daha ucuz və uzunmüddətli maliyyə təmin edəcəklər ki, bu da uzunmüddətli kreditlərin verilməsinə yol açacaq. Ekspert ehtimal edir ki, bu yenilik kredit faizlərinin aşağı düşməsinə də öz müsbət təsirini göstərəcək. Digər tərəfdən, güclü maliyyə mənbəyi olduqca bankların sabitlik əmsalı və reytinqi də yüksələcək. E.Kərimlinin sözlərinə görə, reytinqi yüksələn bankların sonradan daha uzunmüddətli maliyyə təmin etmək problemi azalacaq ki, bu da əhaliyə verdikləri kreditlərin həm müddətinə, həm də faizinə müsbət təsir göstərəcək.
Beynəlxalq standartlara uyğunluq, bank sisteminə etimad
Yeniliyin tətbiqi ilə banklar uzunmüddətli kredit və investisiyaları qısamüddətli depozitlər hesabına yox, daha sabit – uzunmüddətli və etibarlı vəsaitlər hesabına maliyyələşdirəcəkləri üçün bu, bank sektorunda likvidliyi beynəlxalq standartlara uyğunlaşdırmağa imkan verəcək. Yəni bəhs etdiyimiz “Basel III” standartlarına uyğunluq təmin olunacaq.
Ekspert hesab edir ki, qeyd olunan əmsalın tətbiqi ilə yerli banklar daha sabit maliyyə strukturu qura biləcək, nəticədə böhran vəziyyətində maliyyə sisteminin davamlılığı təmin ediləcək, xarici şoklara qarşı daha dayanıqlı bir sistem formalaşacaq. Digər tərəfdən, iqtisadçı AMB-nin nəzarət mexanizminin də güclənəcəyini istisna etmir. Yenilik yerli banklarımıza etimad baxımından da müsbət addım olacaq, çünki bankların qısamüddətli borclardan asılı olmaması və davamlı likvidlik vəziyyətinin təmin edilməsi investorlara müsbət siqnal ötürən əsas amildir.
Bir sözlə, AMB Xalis stabil maliyyələşmə əmsalını tətbiq etməklə, bankların uzunmüddətli maliyyə dayanıqlığını artırmaq, sistemli riskləri azaltmaq və ölkənin bank sektorunu beynəlxalq maliyyə standartlarına daha da yaxınlaşdırmaq niyyətindədir.