11 C
Baku
Monday, November 25, 2024

Xalq Bank 2022-ci ilin yekunlarını açıqladı

ASC “Xalq” Bankı 2022-ci il ərzində əsas maliyyə göstəricilərində stabil mövqe nümayiş etdirərək illik fəaliyyətini uğurla tamamlamışdır.

Belə ki, ilin sonuna Xalq Bankın aktivlərinin həcmi 2021-ci ilin sonu ilə müqayisədə 14.78% artaraq 2 685.07 mln manat, müştərilərə verilən kredit portfelinin həcmi 25.03% artaraq 1 774.25 mln manat, banklar və digər maliyyə institutları istisna olmaqla depozitlərin həcmi 20.22% artaraq 1 855.26 mln manat, cəmi kapitalı 5.80% artaraq 475.21 mln manata çatdırılmışdır. İlin sonuna Bankın xalis mənfəəti 27.22 mln manat təşkil etmişdir. Beləliklə, aktivlərinin və kredit portfelinin həcminə görə Xalq Bank Azərbaycanın ən böyük özəl banklarının üçlüyündə olan yerini qoruyub saxlamışdır. 

2022-ci il ərzində Bank beynəlxalq və yerli təşkilatlar, eləcə də qlobal ödəniş sistemləri ilə əməkdaşlığı uğurla inkişaf etdirmişdir. Ötən il Bankın inkişaf strategiyasına uyğun olaraq məhsul və xidmət çeşidinin genişləndirilməsi, kredit məhsullarının əlçatanlığının təmin edilməsi, nağdsız əməliyyatların həcminin artırılması və rəqəmsallaşma kimi istiqamətlərə xüsusi diqqət ayrılmışdır. 2022-ci ildə Bank yeni loyallıq proqramları əsasında XalqKart Petrol və Cashback məhsullarını təqdim etmiş, bununla yanaşı, sürətli və təmassız ödəniş üsulları olan Apple Pay və Google Pay xidmətlərini aktiv etmişdir. 

2022-ci ildə Moody’s Investors Service beynəlxalq reytinq agentliyi Xalq Bankın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə reytinqini B2 səviyyəsindən B1 səviyyəsinə artırmış, reytinq üzrə proqnozunu “Stabil” olaraq qiymətləndirmişdir. Agentlik Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) B3-dən yüksəldərək B2 səviyyəsinə qaldırmışdır.

Bankın həyata keçirdiyi “Xalq Əmanəti” mədəni-sosial layihəsi çərçivəsində 2022-ci ildə Azərbaycanın Xalq rəssamı Lətif Kərimovun “Azərbaycan xalçası” bədii albomu geniş ictimaiyyətə təqdim olunmuşdur. 

Ötən il fəaliyyətə başlamasının 18 illiyini qeyd edən Xalq Bank maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə görə ölkənin bank sektorunun liderləri arasında öz mövqelərini möhkəmləndirmişdir. Xalq Bank 2022-ci il ərzində məhsuldar əməkdaşlığa görə müştəri və tərəfdaşlarına minnətdarlığını bildirir. Qazanılan uğurlar, əldə edilən nailiyyətlər loyal müştərilərin və tərəfdaşların etimadı, peşəkar işçi heyəti, düşünülmüş və effektiv idarəetmə siyasətinin sayəsində mümkün olmuşdur.

Son xəbərlər
Digər xəbərlər