Dünən Abşeron çimərliklərinin birində əməkdaşımız, “Mərkəz” filialının direktoru Yusif İsak oğlu Məmmədovu faciəvi şəkildə itirdik. Ailəsi və dostları ilə istirahət edən Yusif dənizdə batan uşaqları xilas edərkən həlak olub. Valideynləri tərəfindən nəzarətsiz qalan uşaqların sahildən uzaqda batdığını görən Yusif köməyə atılmışdır. Şahidlərin sözlərinə görə Yusif uşaqlara üzüb-çataraq onları xilas etmiş, amma özü həlak olmuşdur.
Yusif olduqca qayğıkeş insan idi. O, mehriban dost, nümunəvi ailə başçısı, dəyərli mütəxəssis, öz işinin peşəkarı idi. Bu gün o, doğulduğu İmişlidə torpağa tapşırıldı. Yusif ailəli idi, iki azyaşlı övladı qaldı.
Xalq Bankın kollektivi Yusifin ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı verir. Bu bizim hamımız üçün ağır itkidir. Yusifin xatirəsi bizim ürəklərdə həmişə yaşayacaq.
Allah Rəhmət eləsin.