5 C
Baku
Saturday, December 14, 2024

“Xalq Kapital İnvestisiya Şirkəti”inə lisenziya verildi

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP)  Direktorlar Şurasının qərarına əsasən “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-yə investisiya şirkəti fəaliyyətinə lisenziya verilib. Bu barədə banker.az-a MBNP-dan məlumat daxil olub.

MBNP-nin Direktorlar Şurasının iclasında “Xalq Kapital İnvestisiya Şirkəti” QSC–nin  əsas və yardımçı investisiya xidmətlərinin həyata keçirilməsi ilə bağlı müraciətinə baxılaraq, sözügedən lisenziyanın verilməsi üçün müsbət qərar qəbul edilib.

Qeyd edək ki, cəmiyyət əsas investisiya xidmətləri olaraq, qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi, fərdi investorların portfelinin idarə edilməsi, mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması, qiymətli kağızların öhdəlik götürmədən və götürməklə yerləşdirilməsi və anderraytinqi ilə məşğul olacaqdır. “Xalq Kapital İnvestisiya Şirkəti” QSC həmçinin, müştərisinin qiymətli kağızlar hesablarının idarə edilməsi, o cümlədən qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi yardımçı investisiya xidmətini yerinə yetirəcəkdir.

Xatırladaq ki, hazırda qiymətli kağızlar bazarında 6 investisiya şirkəti müvafiq lisenziyaya malikdir.

Son xəbərlər
Digər xəbərlər