İranın yeni ali lideri, mərhum ali lider Əli Xameneinin oğlu Müctəba Xamenei 2 mindən çox məhkumun əfv edilməsi və ya cəzasının yüngülləşdirilməsi barədə göstəriş verib. Bu barədə İranın Tasnim agentliyi məlumat yayıb.
Agentliyin yazdığına görə, ali lider bu qərarı İran məhkəmə hakimiyyətinin rəhbəri Qulam Hüseyn Möhsüni-Ejeinin müraciəti əsasında qəbul edib.
Əfv qərarı İslamın İd əl-Qədir bayramı münasibətilə verilib. Müctəba Xameneinin liderliyi dövründə həyata keçirdiyi ilk kütləvi amnistiya məhz bu olub.
Tasnim-in məlumatına görə, əfv zamanı prioritet qaydada şəxsi iddiaçıları olmayan, ciddi cinayət keçmişinə malik olmayan, cəzanın bir hissəsini artıq çəkmiş və islah olunma, peşmanlıq əlamətləri göstərən məhkumlara üstünlük verilir. Komissiyalar həmçinin məhkumların yaşını, ailə vəziyyətini və cinayətin törədilmə şəraitini də nəzərə alırlar.
Bununla yanaşı, casusluq, ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı cinayətlərdə təqsirləndirilən şəxslər, eləcə də ictimai təhlükəsizliyə təhdid yaradan şəxslər heç bir halda əfv edilə bilməzlər. Agentliyin məhkəmə sistemi nümayəndəsinə istinadən verdiyi məlumata görə, zərərçəkmiş tərəfin razılığı olmadan şəxsi iddiaçıların olduğu işlərə də baxılmır.
İranda kütləvi həbslər bu ilin yanvar ayında ölkədə etiraz aksiyalarının başlamasından sonra geniş vüsət alıb. İğtişaşlar zamanı həm etirazçılar, həm də İran hakimiyyətinin aksiyaların təşkilatçıları hesab etdiyi şəxslər saxlanılıb. İrana qarşı hərbi əməliyyatlar isə fevral ayının sonunda başlayıb.






