Xankəndidə yerləşən tikiş fabriki yeni layihə üzərində çalışır.
Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə keçirilən 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”ndə Xankəndi tikiş fabrikinin icraçı direktoru Günel Əlizadə bildirib.
Türkiyə şirkətləri ilə əməkdaşlıq əlaqələri qurduqlarını deyən fabrikin rəhbəri uşaq və qadın daxil olmaqla böyüklər üçün çox növdə paltar, tekstil, geyim istehsalının nəzərdə tutulduğunu sözlərinə əlavə edib.
“İstehsal etdiyimiz məhsullar əsasən daxili bazara yönəlib, bununla yanaşı, xarici bazara da geniş çeşidli məhsullarımızın istehsalını planlaşdırırıq. Ayda təqribən 500-600 min manat həcmində məhsul istehsalı nəzərdə tutulur. Yaxın zamanlarda Bakıda və Xankəndidə məhsulların satış mərkəzləri də açılacaq”, -deyə G.Əlizadə vurğulayıb.