Xaricdə təhsil alanlara maliyyə yardımı ediləcək

Xaricdə təhsil alanlara maliyyə yardımının göstərilməsi prosesinə daha bir qurum qoşulur.

Bundan sonra Azərbaycan Respublikasının Gənclər Fondu da publik hüquqi şəxs kimi bu prosesdə iştirak edəcək. Bu qurum Prezident yanında Gənclər Fondunun əsasında yaradılıb və onun vəzifələrindən biri ölkənin ehtiyacları nəzərə alınmaqla, Fondun vəsaiti hesabına gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil prosesini, eləcə də beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakını maliyyələşdirməkdir.

Tələbələr universitetə qəbul olduqdan sonra Fonda müraciət edəcək və standartlara cavab verdikləri təqdirdə onlara vəsait ayrılacaq.

Fond tərəfindən ölkə daxilində və xaricdə təhsil alan tələbələrin yataqxana ödənişləri də həyata keçiriləcək. Hətta Fonda yataqxanalar inşa etmək səlahiyyəti də veriləcək.

Qeyd edək ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” hazırlanıb və bu Proqram çərçivəsində istedadlı Azərbaycan gənclərinin xaricdə təhsili təşkil edilib.


Mənbələr: Xəzər TV və Qafqazinfo