23 C
Baku
Tuesday, May 28, 2024

Xaricdə təhsil üçün ARDNŞ təqüdünü necə almaq olar?

Budəfəki təhsillə bağlı araşdırmamız ARDNŞ hesabına xaricdə təhsil almaqla bağlı olacaqdır. Təqaüd əldə etmək istəyən gənclərin ən çox üzləşdiyi sualları işıqlandırmaq qərarına gəldik.

ARDNŞ-ın Təqaüd Proqramında kimlər iştirak edə bilər?

Aşağıdakı meyarlara cavab verən tələbələr sənədlərini Təqaüd Proqramına təqdim edə bilərlər:

1. Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.

2. Yaşı:

  •  bakalavrlar üçün 25-dən,
  •  magistrlər üçün 35-dən yuxarı olmamalıdır

3. Xarici dili universitetlərin tələbləri səviyyəsində bilməlidir;

4. Seçdiyi ixtisas (bakalavriat pilləsi üzrə yalnız mühəndis ixtisasları) ixtisaslar siyahısında olmalıdır;

5. Onun (və ya onun əvəzinə bir başqasının) təhsil xərclərindən az olmayan dəyərdə girov qoyula bilən daşınmaz əmlakı və ya bank zəmanəti olmalıdır.

6. Təhsilini başa vurduqdan sonra ARDNŞ-də 5 il işləməlidir.

Azərbaycan, rus və ya xarici dilli bölmələrdə təhsil almasından asılı olmayaraq, Azərbaycan dilini bilən və Təqaüd Proqramının şərtlərinə cavab verən istənilən Azərbaycan vətəndaşı müsabiqədə iştirak edə bilər. Bununla yanaşı hal-hazırda xarici universitetlərdə bakalavr və ya magistr dərəcəsi üzrə təhsil alan tələbələr də təhsilinin (2-ci və sonrakı kurslarını ARDNŞ Təqaüd Proqramı çərçivəsində davam etdirə bilər. Bu zaman sənəd qəbulu üçün tələblər və müqavilə şərtləri yenə də dəyişilməz qalır. Neçə illik təhsilin maliyyələşdirilməsindən asılı olmayaraq, Təqaüdçü təhsilini başa vurduqdan sonra ARDNŞ-də 5 il işləmək öhdəliyi daşıyır.

Lakin, ARDNŞ xaricdə bakalavrqabağı və ya magistrqabağı dil və ya hazırlıq kurslarını, o cümlədən də doktorantura və ya aspirantura dərəcəsində oxuyan tələbələrin təhsilini maliyyələşdirmir. Həmçinin də ARDNŞ həm bakalavr, həm də magistr dərəcələri üzrə təhsilin maliyyələşdirilməsi üçün birdəfəlik müqavilə bağlamır. Bakalavr dərəcəsi üzrə təhsilini başa vurmuş Təqaüdçü ARDNŞ qarşısında 5 il işləmək barədə öhdəlik daşıyır. Bu müddət ərzində həmin Təqaüdçünün magistratura təhsilinin maliyyələşdirilməsi məsələsinə fərdi şəkildə baxıla bilər.

Hər il 50-yə yaxın tələbə sözügedən Təqaüd Proqramı ayəsində xaricdə təhsil almaq şansı əldə edir.

Təqaüd proqramında iştirak etmək üçün hansı sənədlər lazımdır?

Proqrama qoşulmaq üçün tələb olunan sənədlərin siyahısı (8-ci bənd üzrə arayışların əsli Nizami rayonu 8-ci km. yaşayış sahəsi Şirin Mirzəyev küçəsi, 32A ünvanında yerləşən İnsan Resursları Departamentinə təqdim olunmalı, qalan bütün sənədlər [email protected] elektron poçt ünvanına göndərilməlidir. Elektron poçtla göndərilən materialın həcmi bir dəfəyə 5 MB-dən az olmalıdır):

1. Ərizə-anket forması (saytdan yükləyin);

2. CV (azərbaycan və ingilis dillərində);

3. Şəxsiyyət vəsiqəsinin surəti;

4. Tərcümeyi-hal (.doc formatında. Ailə üzvlərinin hamısı barədə məlumat – doğum yeri və tarixi, iş yeri və vəzifəsi – verilməlidir.);

5. Xarici universitetə qəbulu təsdiq edən rəsmi sənəd (elektron formatda);

6. Ali təhsil dövründə qiymətləri barədə rəsmi sənəd (transkript), əgər ən azı 1 semestr təhsil alıbsa;

7. TOEFL, IELTS, GMAT, DSH, GRE, SAT, LSAT, TCF və sair dil imtahanlarının verilməsi haqda sənəd;

8. İpotekaya qoyulacaq daşınmaz əmlak barədə Dövlət reyestrindən çıxarışın (kupçanın) və həmin əmlakın texniki pasportunun surəti, İpotekaqoyanın şəxsiyyət vəsiqəsinin surəti və telefon nömrələri;

9. Tibbi arayışlar (poliklinikadan 086№-li forma üzrə arayış və psixoloji dispanserdən arayış);

10. Azərbaycan dilində hər biri 800 (± 80) sözdən ibarət aşağıdakı mövzularda 2 inşa (.doc formatında, plagiat olmamalıdır) təqdim etməlidir:

  • Azərbaycan mənim vətənimdir (Azərbaycanın tarixi, coğrafiyası, ədəbiyyatı və mədəniyyəti haqqında nə bilirsiniz? Xaricdə Azərbaycanı necə təmsil edəcəksiniz?)
  • Mənim ixtisasım (Nəyə görə bu ixtisası eçmişiniz? İxtisasınız haqqında nə bilirsiniz? Nəyə görə xaricdə oxumaq istəyirsiniz? Təhsilinizi başa vurduqdan sonra əldə etdiyiniz bilikləri necə tətbiq edəcəksiniz?)

11. Hərbi xidmətdə olmasını və ya hərbi xidmətdən möhlət hüququ verən təsdiqedici sənəd (magistratura üçün müraciət edənlərə aiddir)

Sənədlərin qəbulunun son tarixi 30 iyuldur.

Tibbi arayışların əsli (zərfə qoyaraq üzərinə “Təlim və inkişaf şöbəsinə” yazmaq lazımdır) ARDNŞ-nin İnsan Resursları departamentinə (3-cü mərtəbə) verilməli, qalan bütün sənədlər [email protected] elektron poçtuna göndərilməlidir.

EducationMoney

ARDNŞ təqaüdünün məbləği nə qədərdir və hansı xərclər qarşılanır?

ARDNŞ hər bir təqaüdçü üçün təqaüdü fərdi qaydada təyin edir. Təqaüdün məbləğinə təqaüdçünün ildə bir dəfə təhsil aldığı ölkəyə gedib-gəlməsi üçün təyyarə biletinin dəyəri, təhsil haqqı, yaşayış və qidalanma xərcləri, viza xərcləri və sairə daxildir. Təhsil haqqı, beynəlxalq nəqliyyat və viza xərcləri rəsmi sənədlər əsasında, təqaüdçünün yaşayış xərcləri (ev kirayəsi, qidalanma, daxili nəqliyyat, telefon, poçt və internet xərcləri və sair şəxsi xərclər) isə ölkələrdən asılı olaraq müxtəlif məbləğdə, lakin Dövlət Təqaüd Proqramı ilə müəyyən olunmuş aylıq məbləğlərdən çox olmamaq şərti ilə ödənilir. Təqaüdçünün iradəsindən asılı olmayan səbəblərdən Təqaüdün tərkib hissəsi olan xərclər artarsa, əlavə xərclər ARDNŞ ilə Təqaüdçü arasında bağlanmış müqavilədə müəyyən olunmuş qaydada ARDNŞ tərəfindən ödənilir. Xərclərin artması təqaüdçünün iradəsindən asılı olarsa, bu artımı təqaüdçü öz vəsaiti hesabına ödəməlidir.

Əgər namizəd Komissiya tərəfindən Təqaüdçü kimi seçilərsə növbəti proseslər nədən ibarət olmalıdır?

1) Təqaüdçü seçilmiş tələbə və Girovqoyan ilə ARDNŞ arasında Təqaüdçünün təhsilinin təşkili haqqında və Girov müqavilələri bağlanmalıdır. Müqavilələrin hazırlanması və qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısı ARDNŞ tərəfindən Təqaüdçüyə e-mail ilə göndərilir. Təqaüdçü siyahıda olan sənədləri tam və vaxtında ARDNŞ-nin Təlim və inkişaf şöbəsinə təqdim etməlidir. ARDNŞ yalnız müqavilələrin hazırlanması ilə məşğul olur. Qalan bütün məsələlər

Təqaüdçü və ya Girovqoyan tərəfindən həyata keçirilir. Qeyd olunan müqavilələr hüquqi qüvvəyə mindikdən sonra Təqaüdçünün adı namizədlər bölməsindən çıxarılaraq təqaüdçülər bölməsinə daxil edilir.

2) İmzalanan ipoteka müqaviləsinin müddəti Təqaüdçünün təhsil illərini və təhsildən sonra ARDNŞ-də işləyəcəyi 5 ili əhatə edir. Təhsilini başa vurduqdan sonra Təqaüdçü Azərbaycan Silahlı Qüvvələrinə müddətli hərbi xidmətə çağırılarsa və ya hər hansı üzrlü səbəbdən işə gec başlayarsa, İpoteka müqaviləsinin müddəti  Təqaüdçü işə başladıqdan 5 il sonra bitir. Təqaüdçü ipoteka əvəzinə yuxarıda qeyd olunan müddətə bank zəmanəti də təqdim edə bilər.

Girov kimi nə qoymaq olar və girovun dəyəri nə qədər olmalıdır?

Girov kimi yalnız daşınmaz əmlak (mənzil, fərdi yaşayış evi, digər obyektlər, torpaq sahəsi və s.) qoyula bilər. Daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd 2006-cı ildən əvvəlki tarixə olmamalıdır. Köhnə tarixli sənədlər notariat kontorları tərəfindən qəbul edilmədiyindən, onların əsasında müqavilə bağlamaq mümkün deyil. Bu səbəbdən köhnə tarixli sənəd gecikmədən müvafiq orqanda yeniləşdirilməlidir. Məlumat üçün deyək ki, bu proses 1 ay çəkir.

ARDNŞ ilə Təqüdçü arasında müqavilə imzalanandan sonrakı proseslər nədən ibarətdir?

Müqavilələri Tərəflər imzaladıqdan sonra, onlar Təqaüdçü və Girovqoyan tərəfindən müvafiq notariat kontorunda qeydiyyata salınmalı və hər müqavilədən bir nüsxə ARDNŞ-ə qaytarılmalıdır. Xatırladırıq ki, Bakıdan kənarda yerləşən mülklər üzrə müqavilələr həmin mülkün yerləşdiyi şəhər və ya rayon üzrə notariat kontorunda qeydə alınmalıdır.

1. Notariat kontorunda qeydiyyata alınmış İpoteka müqaviləsinin bir nüsxəsi ARDNŞ-nin məktubu əsasında Təqaüdçü və ya İpotekaqoyan tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyata alınmalı və bunu təsdiq edən qəbzlər ARDNŞ-ə təqdim olunmalıdır.

2. Təhsil alacağı ölkəyə viza almaq üçün Təqaüdçü müvafiq konsulluğa müraciət etməlidir. Viza alınması üçün konsulluq tərəfindən tələb olunan məktub (maliyyə dəstəyinin təsdiqi haqqında ARDNŞ-nin məktubu) yalnız yuxarıda qeyd olunan mərhələlərdən sonra Təqaüdçüyə verilə bilər. Müqavilələr hüquqi qüvvəyə minməyincə, ARDNŞ qeyd olunan məktubu heç kimə verə bilməz.

3. Təqaüdçü Azərbaycanda öz adına AZN hesabı açmalıdır və hesabın tam rekvizitlərini (bankın məktubunun surətini) ARDNŞ-nin İnsan Resursları Departamentinin Təlim və inkişaf şöbəsinə şöbəsinə təqdim etməlidir ki, Azərbaycanda olarkən ona köçürmələr etmək mümkün olsun. Başqa adamın (hətta valideynlər və ya qardaş-bacının) adına açılmış hesaba, həmçinin başqa valyutada açılmış hesaba ARDNŞ tərəfindən pul köçürülə bilməz.

4. Təqaüdçü öz adına alınmış təyyarə biletinin və viza üçün ödədiyi pulun qəbzini ARDNŞ-ə təqdim etdikdən sonra hesabına müvafiq məbləğ köçürülür. Təyyarə bileti dövlət şirkəti olan AZAL-dan alınmalıdır və gediş-gəliş (ikitərəfli) üçün nəzərdə tutulmalıdır. AZAL-ın həmin istiqamətdə aviareysləri olmadıqda, minimum xərclərə başa gələn başqa aviaşirkətin xidmətindən istifadə etmək olar. Təyyarə bileti “ekonom-klass” kateqoriyası üzrə ödənilir.

5. Təqaüdçü təhsil aldığı ölkəyə daxil olduqdan sonra orada öz adına həmin ölkənin valyutasında bank hesabı açmalıdır və hesabın tam rekvizitlərini (bankın məktubunun surətini) bizə təqdim etməlidir ki, aylıq təqaüdlərini ona köçürmək mümkün olsun. Başqa adamın (hətta valideynlər və ya qardaş-bacının) adına açılmış hesaba ARDNŞ tərəfindən pul köçürülə bilməz.

Qeyd. Təqdim olunan bank hesabına birinci köçürmə, təxminən, 10 iş günündən sonra mümkün olacaq. Növbəti aylar aylıq təqaüd, bir qayda olaraq, hər ayın əvvəlində köçürülür (əgər müqavilənin 2.1 maddəsinə əsasən təqaüdün gecikdirilməsi üçün əsas yoxdursa).

Təqaüd yalnız tədris ilinin ayları üzrə hər ayın əvvəlində verilir, tətil aylarında təqaüd ödənilmir. Təqaüdçünün təhsil müddəti kəsirini düzəltməklə bağlı artarsa, bu dövrün təhsil haqqı ARDNŞ tərəfindən ödənilmir və Təqaüdçüyə həmin aylar üçün aylıq təqaüd ödənilmir.

Mövzunu təqib etməyə davam edin, bu haqda növbəti yazılarımız da olacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər