16 C
Baku
Friday, November 22, 2024

Xaricdə təhsil alanların nəzərinə- Qaydalar dəyişdirildi

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə bağlı aparılan islahatların davamı olaraq, Nazirlər Kabinetinin 27 noyabr 2008-ci il tarixli, 261 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi Qaydaları”na bir sıra dəyişikliklər edilib. 

Nazirlər Kabinetinin 2014-cü il 13 mart tarixli, 78 nömrəli qərarına əsasən, edilən dəyişiklik nəticəsində tələbənin təhsil aldığı ölkəyə daxil olmasından sonra həmin ölkə üzrə müvafiq təhsil səviyyəsinin standart tədris müddətinə uyğun olaraq, ödəmələr aşağıdakı kimi həyata keçiriləcək: – Bakalavriat səviyyəsi üzrə Kanada və Böyük Britaniya – 8 ay, digər ölkələr – 9 ay; – magistratura səviyyəsi üzrə Böyük Britaniya – 12 ay, digər ölkələr – 10 ay; – aspirantura, doktorantura, rezidentura səviyyələri üzrə – 12 ay Müqayisə üçün bildiririk ki, əvvəlki illərdə Dövlət Proqramı təqaüdçüləri üçün aylıq təqaüdlər tələbə təhsil aldığı ölkəyə cari ayın 1-15-i arası daxil olduğu təqdirdə həmin aydan etibarən, 15-i tarixindən sonra daxil olduğu təqdirdə isə növbəti ayın əvvəlindən etibarən ödənilirdi. Bu səbəbdən də Dövlət Proqramı çərçivəsində 15 gündən az təhsil alan tələbəyə həmin ay üzrə təqaüd ödənilmirdi. Yeni dəyişikliklərdən sonra isə yuxarıda qeyd olunan standart təhsil müddətindən əlavə təhsil dövrü üçün (ay və gün) yaşayış xərcləri aidiyyəti ölkə üzrə aylıq yaşayış xərci normasının bir günə düşən məbləğini əlavə günlərin sayına vurmaqla müəyyən ediləcəkdir.

 “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar gələcəkdə də davam etdiriləcək.

 Qafqazinfo.az

Son xəbərlər
Digər xəbərlər