“Transport” QSC-nin Rusiyada əldə etdiyi gəlirləri barədə həmin ölkənin səlahiyyətli orqanından məlumatlar daxil olub. Vergi orqanı tərəfindən 2022-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 2023-cü ilin fevral ayından başlanan kameral vergi yoxlaması 2 aydır davam edir, yəni 30 iş günü çoxdan keçib. Bu vaxta qədər yoxlamanın davam etməsi doğrudurmu?
Banker.az Dövlət Vergi Xidmətinə istinadən bildirir ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, xaricdən əldə edilən gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda, kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra xaricdən əldə olunan məlumatlar üzrə kameral vergi yoxlaması aparıla bilməz.
Qeyd olunanlara əsasən, QSC-nin xaricdən əldə edilən gəlirləri üzrə xarici dövlətin səlahiyyətli orqanından müvafiq məlumatlar daxil olduqda kameral vergi yoxlaması məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilə bilər.
Əsas: Vergi Məcəlləsinin 37.2-ci maddəsi.