2025-ci ilin ilk 7 ayı üzrə Azərbaycanın qara çay idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 7.5% azalıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ümumi idxal həcmi 2024-cü ilin 6 766.69 tonundan 2025-ci ildə 6 260.04 tona düşüb ki, bu da azalma deməkdir. Dəyər baxımından isə idxal 33.53 milyon dollardan 38.26 milyon dollara yüksələrək 14.1% artım göstərib.
Orta qiymətə nəzər yetirdikdə, 2024-cü ildə hər ton üçün təxminən 4 956 dollar olduğu halda, 2025-ci ildə bu göstərici 6 112 dollara qədər artıb, yəni qiymətdə 23.3%-lik yüksəliş baş verib.
Ölkələr üzrə müqayisəyə baxsaq, Hindistandan idxal olunan çayın həcmi 1 088.71 tondan 1 100.11 tona, yəni 1.1% artıb. Onun dəyəri isə 3 milyon 433.61 min dollardan 4 milyon 7.1 min dollara qalxaraq 16.7% artım göstərib. İran İslam Respublikasından idxal həcmi 61.63 tondan 56.36 tona enib (-8.5%), dəyəri isə 298.37 min dollardan 248.36 min dollara düşüb (-16.8%). Keniyadan idxal 232.96 tondan 240.68 tona qalxaraq 3.3% artıb, dəyər göstəricisi isə 718.89 min dollardan 1 milyon 57.18 min dollara yüksəlib və bu da 47.1%-lik artım deməkdir.
Ən böyük idxal payına sahib olan Şri-Lankadan gətirilən çay həcmi 5 337.86 tondan 4 819.85 tona enib (-9.7%), lakin dəyəri 28.97 milyon dollardan 32.83 milyon dollara qalxaraq 13.3% artıb. Vyetnamdan idxal olunan çayın həcmi 45.51 tondan 42.23 tona enib (-7.2%), dəyəri isə 105.82 min dollardan 110.28 min dollara qalxıb (+4.2%).
Qeyd edək ki, Azərbaycanda daxili bazarda 2024-cü ildə yerli istehsal 500 qramlıq qara çay 12.14 manat, idxal isə 12.87 manata satıldığı halda, 2025-ci ilin avqustunda müvafiq olaraq 12.77 manat və 13.49 manata yüksəlib.