6 C
Baku
Friday, February 6, 2026

“Xaricdən telefon gətirim, ucuz başa gəlsin” anlayışı tarixə qovuşur

“Xaricdən özümə və ailə üzvlərimə mobil telefon gətirim, ucuz başa gəlsin” anlayışı artıq tarixə qovuşur.

Çünki vətəndaş ölkəyə il ərzində 1-dən artıq mobil telefon gətirərsə, bu halda telefonun tam dəyəri rüsum və vergiyə cəlb olunacaq və əlavə olaraq 20 AZN aksiz vergisi də tətbiq ediləcək.

Bu, “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na edilmiş son dəyişikliklərdə əksini tapıb.

Marketoloq Elxan Mərdanlı deyib ki, əvvəllər vətəndaş şəxsi istifadə üçün gətirdiyi telefonu 800 ABŞ dolları dəyərinə qədər rüsum ödəmədən və gömrükdə bəyan etməklə ölkəyə keçirə bilirdi. Əgər telefonun dəyəri 800 ABŞ dollarından artıq olurdusa, artıq hissəyə görə 36% rüsum və vergi tutulurdu.

Yeni qaydalara əsasən, 1 yanvar 2026-cı ildən 31 dekabr 2026-cı il tarixinədək vətəndaş şəxsi istifadə üçün yalnız 1 ədəd telefonu 800 ABŞ dolları güzəştindən istifadə etməklə və əlavə olaraq 20 AZN aksiz vergisindən azad şəkildə ölkəyə gətirə bilər. Vətəndaş il ərzində 2 və ya daha çox mobil telefon gətirərsə, bu halda telefonun tam dəyəri rüsum və vergiyə cəlb olunacaq, aksiz vergisi də tətbiq ediləcək.

Ekspert onu da qeyd edib ki, “Mobil cihaz” anlayışı yalnız mobil telefonlarla məhdudlaşmır. Qaydalara əsasən, kassa aparatları, noutbuklar, smartfonlar, rabitə üçün ötürücü-qəbuledici cihazlar – məsələn: ağıllı saatlar, modemlər və oxşar qurğular, o cümlədən videokameralar, fərdi funksiyaları olan elektron cihazlar da bu qaydalarla ölkəyə gətiriləcək.

Son xəbərlər
Digər xəbərlər