6 C
Baku
Saturday, December 14, 2024

Xarici bankın törəməsi Azərbaycanda mənfəət açıqladı

“Yapı Kredi Bank Azərbaycan” 2020-ci ilin yanvar-sentyabr aylarını 1 milyon 574 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin müvafiq dövründə isə bankın xalis mənfəəti 3 milyon 773 min manat olub. Belə ki, illik müqayisədə “Yapı Kredi Bank Azərbaycan”ın mənfəəti 2.4 dəfə azalıb.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

ƏMƏLİYYAT MƏNFƏƏTİ EDİB

“Yapı Kredi Bank Azərbaycan”ın 9 ayda cəmi gəlirləri 30 milyon 724 min manat, cəmi xərcləri 21 milyon 83 min manat olub. Gəlirlər xərcləri üstələdiyindən bankın 9 milyon 641 min manatlıq əməliyyat mənfəəti yaranıb. Ötən ilin müvafiq dövründə isə “Yapı Kredi Bank Azərbaycan”ın cəmi gəlirləri 35 milyon 933 min manat, cəmi xərcləri isə 23 milyon 912 min manat təşkil etmişdir ki, bu da 12 milyon 21 min manat əməliyyat mənfəətinin yaranması deməkdir. Beləliklə, bu il bankın əməliyyat mənfəəti 20% azalıb.

XƏRCLƏRİ AZALIB

Bu ilin 9 ayı ərzində “Yapı Kredi Bank Azərbaycan”ın faiz gəlirləri 21 milyon 169 min manat (illik müqayisədə 15% az), qeyri-faiz gəlirləri 9 milyon 555 min manat (13% az), faiz xərcləri 1 milyon 354 min manat (41% az), qeyri-faiz xərcləri 19 milyon 729 min manat (9% az) olub.

2020-ci ilin yanvar-sentyabr aylarında “Yapı Kredi Bank Azərbaycan”ın cəmi aktivləri 350 milyon 965 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 18% azalma deməkdir. Bunun 149 milyon 566 min manatı müştərilərə verilmiş kreditlər təşkil edib. Ötən ilin sonunda isə bu göstərici 187 milyon 252 min manat idi.

DAŞINMAZ ƏMLAK KREDİTLƏRİ ARTIB

Müştərilərə verilən kreditlərdən istehlak kreditləri 2019-cu ilin sonu ilə müqayisədə 9 ayda 5 milyon 832 min manat azalaraq 41 milyon 537 min manat, biznes kreditləri 34 milyon 88 min manat azalaraq 95 milyon 938 min manat, daşınmaz əmlak kreditləri isə 2 milyon 233 min manat artaraq 12 milyon 90 min manat olub.

Bu ilin 9 ayı ərzində bankın cəmi öhdəlikləri 268 milyon 920 min manat olub ki, bu da 2019-cu ilin sonuna nisbətən 23% azalmadır. Bankın depozit portfeli isə 248 milyon 892 min manat  təşkil edib ki, bunun 80 milyon 143 min manatı fiziki şəxslərin depozitləri, 168 milyon 749 min manatı isə hüquqi şəxslərin depozitləri olub.

KAPİTALI ARTIB

30 Sentyabr 2020-ci il tarixində “Yapı Kredi Bank Azərbaycan” 82 milyon 46 min manat cəmi kapitala malik olub. Bank ötən ilin sonunda 81 milyon 262 min manat kapitala malik idi. Beləliklə, “Yapı Kredi Bank Azərbaycan”ın kapitalı 784 min manat artıb.

Xatırladaq ki, “Yapı Kredi Bank Azərbaycan” 1998-ci ildə (əvvəlki “Koçbank (Azərbaycan)”, 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55.4 milyon manatdır. Bankın səhmlərinin 99.8%-i Türkiyənin “Yapı Kredi Bankı”na, 0.01%-i “Yapı Kredi Yatırım Menkul Değerler” şirkətinə, 0.01%-i isə “Yapı Kredi Finansal Kiralama” şirkətinə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər