Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Xarici bankın yerli nümayəndəliyinin hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nı təsdiq edib.
APA-nın məlumatına görə, Qaydaya əsasən xarici bankın yerli nümayəndəliyi idarə edilməsi qaydasını və cari fəaliyyətini əks etdirən illik hesabat tərtib edir və hesabat dövründən sonrakı ilin iyun ayının 1-dən gec olmayaraq təqdim olunur.
Hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla olan dövr sayılır. İl ərzində oktyabr ayının 1-dək yeni yaradılan nümayəndəlik üçün birinci hesabat dövrü onların qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla, oktyabr ayının 1-dən sonra yeni yaradılmış nümayəndəlik üçün isə birinci hesabat dövrü onların qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla olan dövr sayılır. Hesabat nümayəndəliyin rəhbəri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş kağız daşıyıcıda və ya elektron imza ilə təsdiq edilmiş elektron sənəd formasında Palataya təqdim edilir.
Hesabatda nümayəndəliyin yerli və xarici banklarda olan bank hesabları üzrə pul axını barədə məlumat, yəni il ərzində hesab üzrə mədaxil və məxaric olmuş vəsait, nümayəndəliyin kassasında olan orta aylıq nağd pul qalığının məbləği, nümayəndəliyin bank hesablarında olan orta aylıq qalığının məbləği əksini tapmalıdır. Eyni zamanda hesabatda nümayəndəliyin işçilərinin sayı və əgər rəhbərliyin tərkibində dəyişikliklər varsa, bunun səbəbləri qeyd edilməli, təsisçi bankın kənar auditor yoxlamasından keçmiş illik maliyyə hesabatı və Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq edilmiş auditor rəyinin surətləri, təsisçi bank tərəfindən nümayəndəlikdə aparılan yoxlamanın nəticələrini əks etdirən sənədlər hesabata əlavə edilməlidir.