14 C
Baku
Saturday, November 23, 2024

Xarici investorlar Azərbaycanda aqropark yaratmaq istəyirlər

Özbəkistan və ərəb ölkələrindən olan investorlar Azərbaycanda aqropark yaratmaq istəyirlər.

Bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyəti sədrinin müavini Zamir Dibirov bildirib.

“Həmin investorlar bunun üçün Agentliyə müraciət edib. Özbək investorlar Azərbaycanda pambıqçılıq sahəsinə investisiya yatırmaq, burada pambıqçılıq klasterləri yaratmaq istəyirlər. Ərəb investorlar isə hələ ki, aqroparklarda müəyyən sahələri nəzərdən keçirirlər. Bununla yanaşı, aqroparklara investisiya yatırmaq istəyən yerli iş adamları da var”, – deyə o qeyd edib.

“İnvestorlar aqropark yaratmaq üçün müraciət edəndə onların layihələrinə baxılır, əgər məqsədə uyğun olsa qeydiyyata alınır”, – deyə İZİA rəsmisi əlavə edib.

Xatırladaq ki, hazırda 32 rayon üzrə 239.3 min hektar ərazidə ümumi layihə dəyəri 2.4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılıb ki, bunlardan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-si isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb.

İndiyə qədər aqroparklara 1.4 milyard manat özəl investisiya yatırılıb. Aqroparklar digər kənd təsərrüfatı müəssisələri kimi, vergi güzəştlərindən, subsidiyalardan, güzəştli kredit və lizinqdən yararlanırlar. Bundan əlavə, dövlət digər dəstək tədbirləri də görür. Belə ki, investisiya təşviqi sənədi almış 27 aqroparkdan 26-na texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 43.9 milyon manat dəyərində güzəşt tətbiq olunub, 25 aqroparkın yaradılması və ya fəaliyyətinin genişləndirilməsi üçün 184.2 milyon manat güzəştli kredit verilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər