Xarici mənşəli sənədlər bilavasitə yerində deyil, elektron mühitdə qəbul edilərək, rəsmi sənəd kimi tanınacaq.
Bu barədə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” işçi qrupunun iclasında çıxış edərkən Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsində Nəzarət-analitik iş üzrə qrupun rəhbəri Leyla Bərxudarzadə deyib.
Onun sözlərinə görə, hazırda ölkədaxili sənədlərin tərcümə prosesi Elektron Notariat İnformasiya Sistemi vasitəsilə həyata keçirilir.
“Növbəti layihəmiz xarici mənşəli sənədlərin elektron mühitdə qəbulu, onların autentifikasiyası və rəsmi sənəd olaraq tanınmasıdır. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanuna görə, xarici mənşəli sənədlər xarici dildə tərtib olunduğu üçün onların Azərbaycan dilinə tərcüməsi və notarial qaydada təsdiqlənməsi tələbi irəli sürülür. Qəbul edilən sənədlərin, notariusa elektron mühit üzərindən göndərməklə, tərcüməsinin elektron qaydada rəsmiləşdirmə imkanının yaradılması nəzərdə tutulur. Bu, daha çevik, daha sürətli xidmətlərin və ən əsası isə yerli investisiyalı sahibkarlıq subyektləri ilə eyni şərtlər əsasında tam elektronlaşmış xidmətlərin təşkilini nəzərdə tutur”, – deyə Leyla Bərxudarzadə qeyd edib.