4 C
Baku
Wednesday, February 28, 2024

Xarici ölkələrə ezamiyyətlərlə bağlı rəhbər işçilərin kateqoriyası genişləndirilib

Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” qərarında dəyişiklik edilib.

Banker.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən rəhbər işçilərin xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası genişləndirilib, siyahıya Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanların rəhbərləri” daxil edilib.

Qeyd edək ki, həmin şəxslərə xidməti ezamiyyətlər zamanı ezamiyyə xərclərinin 1 günlük normasının 10 faizi məbləğində hər gün üçün nümayəndəlik xərcləri ödənilir. Həmin şəxslərə və diplomatik fəaliyyəti dövründə Fövqəladə və Səlahiyyətli Səfir diplomatik rütbəsi və ya vəzifəsi olanlara, eləcə də Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış hökumətlərarası komissiyaların tərkibinə daxil olan şəxslərə nəqliyyat xərcləri təyyarə üçün “biznes klass”, dəmiryol qatarları üçün “biznes klass” və ya “2 yerli kupeli yumşaq vaqon” tarifləri ilə ödənilir, bütün digər hallarda nəqliyyat xərcləri təyyarə üçün “ekonom klass”, dəmiryol qatarları üçün “4 yerli kupeli vaqon” tarifləri ilə ödənilir.
Azərbaycan Respublikasının yüksək səviyyəli nümayəndə heyətlərinin rəhbərləri beynəlxalq tədbirlərdə və ikitərəfli görüşlərdə iştirak etmək üçün xarici ölkələrə ezam olunduqda, qəbul edən tərəfin protokol qaydalarına uyğun olaraq mehmanxanada yerləşdirildikdə, ezamiyyə xərcləri təqdim olunmuş sənədlərə əsasən faktiki mehmanxana xərclərinin 1 günlük məbləği ezamiyyə xərclərinin 1 günlük normasının cədvəldəki əlavələr nəzərə alınmaqla, 60 faizindən çox olduğu hallarda, həmin fərq mehmanxana günləri üçün ezamiyyə xərclərinə əlavə xərc olaraq ödənilir. Bu qayda ilə mehmanxanada yerləşdirilən həmin rəsmi nümayəndə heyətinin digər üzvlərinin ezamiyyə xərcləri təqdim olunmuş sənədlər əsasında müvafiq ölkələr üzrə müəyyən edilmiş ezamiyyə xərclərinin 1 günlük normasından 1,5 dəfədən çox olmamaq şərtilə ödənilir.

Son xəbərlər
Digər xəbərlər