9 C
Baku
Thursday, December 12, 2024

Xarici ticarət dövriyyəsində $1.8 milyardlıq müsbət saldo var

2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 167 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 155 ölkədən idxal olunub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 11 milyard 750.2 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 6 milyard 760.7 milyon dollarını və ya 57.5 faizini ölkədən ixrac olunmuş məhsulların, 4 milyard 989.5 milyon dollarını (42.5 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 1 milyard 771.2 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 30.3 faiz, real ifadədə 20.5 faiz, o cümlədən idxal 42.8 faiz, ixrac isə 4.6 faiz azalmışdır.

2020-ci ilin yanvar-iyun aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 6.9 faiz, real ifadədə isə 14 faiz azalaraq 911.9 milyon dollar təşkil etmişdir.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 32.0 faizini İtaliyaya, 19.2 faizini Türkiyəyə, 5.0 faizini Rusiyaya, 4.2 faizini İsrailə, 3.7 faizini Hindistana, hər biri 3.2 faiz olmaqla Yunanıstan, Çin və Xorvatiyaya, 3.1 faizini Gürcüstana, 3.0 faizini Ukraynaya, 2.1 faizini Çexiyaya, 1.9 faizini Tunisə, hər biri 1.7 faiz olmaqla Vyetnam, Portuqaliya və İspaniyaya, 11.1 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (40.6 faiz), Türkiyəyə (19.4 faiz), İsveçrəyə (10.5 faiz), Gürcüstana (8.4 faiz), Çinə (3.1 faiz), Ukraynaya (2.4 faiz), İtaliyaya (2.1 faiz), Qazaxıstana (1.6 faiz), İrana (1.2 faiz), Türkmənistana (1.0 faiz), Belarusa (1.0 faiz), ABŞ-a (0.9 faiz), Almaniyaya (0.9 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18.3 faizi Rusiya, 14.8 faizi Türkiyə, 13.3 faizi Çin, 8.1 faizi ABŞ, 5.3 faizi Almaniya, 4.3 faizi Ukrayna, 4.1 faizi İtaliya, 2.8 faizi İran, 2.7 faizi Birləşmiş Krallıq, 1.9 faizi Yaponiya, 1.8 faizi Koreya, 1.7 faizi Fransa, 20.9 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

2020-ci ilin yanvar-iyun aylarında 2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 4.3 faiz, kartof – 32.0 faiz, meyvə və tərəvəz şirələri – 3.8 faiz, bitki yağları – 1.8 dəfə, çay – 0.5 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 52.1 faiz, polietilen – 39.8 faiz, qara metallardan borular – 1.8 dəfə, bentonit gili – 5.2 faiz artmış, təzə meyvə ixracı isə 24.5 faiz, şəkər – 25.9 faiz, tütün – 25.9 faiz, meyvə və tərəvəz konservləri – 0.8 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 52.2 faiz, pambıq lifi – 18.4 faiz, pambıq ipliyi – 22.0 faiz, emal olunmamış alüminium – 5.8 faiz azalmışdır.

2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə 2020-ci ilin yanvar-iyun aylarında təzə meyvə idxalı 15.0 faiz, bitki yağları – 10.1 faiz, xam şəkər və şəkər – 11.0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 34.5 faiz, çay – 10.0 faiz, mal əti – 29.4 faiz, quş əti və onun əlavə məhsulları – 2.1 faiz, təzə tərəvəz – 26.4 faiz, minik avtomobilləri – 29.2 faiz, dərman vasitələri – 1.7 dəfə, polad prokatı – 10.5 faiz, qara metallardan çubuqlar – 1.7 dəfə, hesablama maşınları, blok və qurğuları – 23.1 faiz, məişət soyuducuları – 39.2 faiz artmış, buğda idxalı isə 37.8 faiz, kartof – 0.8 faiz, siqaretlər – 80.1 faiz, qara metallardan borular – 13.5 faiz, mineral gübrələr – 3.4 faiz, rezin şinlər – 14.4 faiz, məişət kondisionerləri – 24.7 faiz, mebellər – 23.2 faiz, yük avtomobilləri – 15.6 faiz, polietilen – 14.8 faiz, paltaryuyan maşınlar – 4.8 faiz, qara metallardan künclüklər – 7.0 faiz, avtobuslar – 24.8 faiz, sement və sement klinkerləri – 92.1 faiz azalmışdır.

Son xəbərlər
Digər xəbərlər