10 C
Baku
Thursday, December 12, 2024

Xaricidə təhsil: Böyük Britaniya yoxsa ABŞ

Xaricdə təhsil almağı planlaşdıran bir çox tələbə hansı ölkədə təhsil almaq seçimi qarşısında qalır. İki ən məşhur seçim variantı – Böyük Britaniya (İngiltərə) və ABŞ-dır. Hansı ölkənin sizin mədəniyyətinizə daha yaxın olduğuna özünüz qərar verin. Lakin bu ölkələr arasında qərar qəbul edərkən tələbələrin mütləq bilməli və daha çox diqqət yetirməli olduqları fərqliliklər var. Bu dəfə xarici tələbələr üçün Böyük Britaniya (İngiltərə) və ABŞ arasındakı məhz bu əsas fərqlər haqqında danışacağıq.

Təhsil müddəti

ABŞ universitetlərində təhsil müddəti Böyük Britaniyadan daha çoxdur. Bakalavriat səviyyəsində təhsil almaq üçün Böyük Britaniyada 3 il tələb olunduğu halda bu müddət ABŞ-da 4 ildir. Eynilə, magistr dərəcəsi almaq üçün sizə Böyük Britaniyada cəmi bir il kifayət edir, ABŞ-da isə 2 il.

Kurs və ixtisas seçimi

Böyük Britaniya universitetlərində bütün proqramlar kifayət qədər dar çərçivədə ixtisaslaşıblar və tələbələr hansı ixtisas üzrə təhsil almaq istədiklərinə universitetə daxil olmazdan əvvəl qərar verməlidirlər. ABŞ-da 1-ci kurs tələbələrinə elmin müxtəlif istiqamətlərində fənlər tədris olunur və hansı sahə üzrə ixtisaslaşmaq istədiklərinə birinci təhsil ilinin sonu, bəzən isə hətta ikinci kursda qərar verməlidirlər. Bununla belə, ABŞ-da təhsil alarkən siz daha geniş əhatəli fənlər keçəcəksiniz.

Ümumilikdə isə demək olar ki, Böyük Britaniya daha dərin, ABŞ isə daha əhatəli təhsil almaq imkanı yaradır.

Təhsi forması

ABŞ-da tələbələrdən dərsliklərdə yazılmış hər bir şeyi öyrənmək və bütün mühazirələrdə iştirak etmək tələb olunur. Bu yanaşma MDB ölkələrindəki təhsil sisteminə yaxındır. Böyük Britaniyada təhsilin əksər hissəsini məlumatı analiz etmə və müstəqil dərk etmə bacarıqlarını inkişaf etdirən fərdi və ya qrup şəklində proyektlər təşkil edir, lakin tələbədən özünü təşkilatlandırmaq tələb olunur.

Yerli və xarici tələbə nisbəti

ABŞ-ın Böyük Britaniyaya nəzərən daha çox xarici tələbə cəlb etməsinə baxmayaraq, hər iki ölkənin universitetlərində xarici tələbələrin nisbəti çox deyil. Böyük Britaniyanın əksər universitetlərində tələbə tərkibi çoxmillətlidir. Belə ki, tələbələrin 18%-i Aİ və digər xarici ölkələrdəndir.

 

Təhsil haqqları

ABŞ-ın dövlət və özəl universitetlərində təhsil haqqları əhəmiyyətli dərəcədə fərqlənirlər – özəl universitetlər daha bahadır. Böyük Britaniyada demək olar ki, bütün universitetlər dövlət universitetləridir. Müqayisə edilən universitetlərdən ABŞ universitetlərində təhsil haqqları daha yüksəkdir. Eyni zamanda nəzərə almaq lazımdır ki, ABŞ-da təhsil müddəti daha çoxdur.

2014/2015-ci illər üçün bakalavr səviyyəsində təhsilin orta qiyməti
ABŞ-ın dövlət universitetlərində 23 000 dollar
ABŞ-ın özəl universitetlərində 31 200 dollar
Böyük Britaniya universitetlərində 18 000 dollar

Mənbə: College BroadTopUniversities

Yaşayış xərcləri

Əlbəttə, Böyük Britaniyada yaşayış daha bahadır. Xüsusilə də əgər siz London haqqında düşünürsünüzsə. Belə ki, Böyük Britaniya və ABŞ-da təhsil müddəti və xərcləri arasındakı fərqi nəzərə alsaq, əlbəttə ki, Böyük Britaniyada təhsilin ümumi dəyəri sizə daha cazib görünəcək.

Tələbələr üçün orta ilik yaşayış xərcləri
ABŞ 10–11 min dollar
Böyük Britaniya 18 min dollar

Mənbə: College BroadTopUniversities

Təhsil müddətində işləmə icazəsi

Böyük Britaniyada təhsil müddətində tələbələrin harada işləməsinə heç bir məhdudiyyət qoyulmur. ABŞ-da isə yalnız universitetdə işləməyə icazə verilir. Hər iki ölkədə tələbələr həftədə 20 saat işləyə bilər. Ailəli tələbələr üçün isə Böyük Britaniya daha cəlb edicidir. Burada siz təhsil aldığınız müddətdə sizin həyat yoldaşınız işləyə bilər. ABŞ-da onların belə hüquqları yoxdur.

Təhsil aldıqdan sonra iş

Nə ABŞ, nə də Böyük Britaniyada məzunların avtomatik olaraq qalıb işləmə hüququ yoxdur. Belə ki, hər iki ölkədə yaxşı iş yeri tapılarsa iş vizası almaq imkanı var. Təxmin etdiyiniz kimi, bu asan deyil, lakin bəzilərinin bəxti gətirir.

Təhsil zamanı səyahət

Harada təhsil alacağınızı seçərkən siz həm də harada dincələcəyiniz haqqında düşünün. ABŞ-da bu böyük ehtimal ki, elə ABŞ olacaq. Böyük Britaniyadan isə asanlıqla həftə sonu Barselonaya uça və ya qatarla Parisə səyahət edə bilərsiniz.

 

Son xəbərlər
Digər xəbərlər