10 C
Baku
Sunday, December 22, 2024

Xaricidə təhsil və onun üstünlükləri

Müsahibimiz Ramil Məhərrəmovdur. ABŞ-ın Massachusetts University-ni bitirmişdir. Hazırda İslam İnkişaf Bankının Ölkələr üzrə Menecer, Türkmənistan və Qığızıstan Respublikası Ölkələr Departamentində işləyir.

 Azərbaycanda son illər xaricdə oxumağa maraq sürətlə artmağa başlayıb. Sizcə Azərbaycandan xarici ölkələrə təhsil almaq üçün getməyə dəyərmi? Yəni Azərbaycanda orta aylıq əmək haqqı 300-500AZN olduğu halda xaricidə bəzi universitetlərdə təhsil almaq məqsədi ilə getmək üçün 10000-50000$ arası pul lazım olur,bu pulu verməyə dəyərmi?

ramilXaricdə təhsilin çəkilən xərcə dəyib-dəyməməsi 3 amildən asılıdır: 1) universitetin səviyyəsindən (xüsusilə universitetin professor heyətinin səviyyəsindən), 2) təhsil alınan ölkədən (ali təhsilin keyfiyyətinə görə dünyada üstünlük ABŞ-a və ondan sonra Qərbi Avropa ölkələrinə məxsusdur) və 3) tələbənin təhsil zamanı çalışqanlığından və ya öz üzərində çalışmasından asılıdır. Bu üç amil nəzərə alınaraq xaricdə təhsil alınarsa, orta və uzun müddətdə xaricdə təhsil çəkilən maliyyə xərclərini tamamilə ödəməklə qalmır, həmdə məzun üçün daha çox iş və daha yüksək maaşlı iş imkanları yaradır. Xaricdə təhsil almış məzunlar iş məhsuldarlığı və tətbiqi bilik və bacarıqlar baxımındanda çox fərqlənirlər. Ancaq xüsusilə qeyd etmək istərdim ki xaricdə təhsilin özünü ödəməsi üçün, sadəcə universitetlər, onların müəllim heyətinin səviyyəsi, və ali təhsilin inkişaf etdiyi ölkədə təhsil alınması kifayət etmir. Xaricdə təhsil alan gənclərin özlərinə qarşı  çox tələbkar olması, çox oxuması və çalışması, və təhsilin hansı pilləsindən asılı olmayaraq onu yüksək göstəricilərlə bitirməsi lazımdırki tələbə əmək bazarında ona üstünlük yaradacaq bacarıqları və bilikləri qazansın. Unutmamaq lazımdır ki, xaricdə təhsil sadəcə yüksək səviyyəli bilik və bacarıqlar deyil, eyni zamanda gənclərin gələcək həyatlarında uğurlu olmaları üçün çox faydalı və yardımcı olacaq iş əlaqələri, öz sahələrində dünyada tanınmış professorlardan xasiyyətnamələr almaq imkanı və qlobal səviyyədə fəaliyyət göstərən şirkət və təşkilatlarda praktika və iş imkanları deməkdir.

Xaricdə təhsil almaq üçün yetərli maliyyə imkanları olmayan gənclərə gəlincə, bunun üçün həm Azərbaycan Respublikası 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramının imkanlarından, həmdə beynəlxalq stipendiya proqramlarının təklif etdiyi maliyyə imkanlarından istifadə edə bilərlər. Ancaq bu stipendiya proqramlarının imkanlarından yararlana bilmək üçün həmin gənclərin tələb olunan xüsusi imtahanlarda uğurlu nəticələr göstərməsi və ictimai fəaliyyətlərdə fəal olması lazımdır.

  • Sizcə Azərbaycandan xaricə təhsil almağa kimlər getməlidir?

Qlobal iqtisadi, siyasi və texnoloji proseslərin necə işlədiyini və hansı istiqamətdə inkişaf etdiyini öyrənmək, hadisələrə, proseslərə, və problemlərə yeni və yaradıcı perspektivlərdən baxmağı öyrənmək istəyən gənclər məncə mütləq xaricdə təhsil almağa çalışmalıdırlar. Xaricdə təhsilin ən vacib və faydalı cəhətlərindən biridə budur ki, burada sadəcə hansısa bir sahə və ya ixtisas haqqında bilik və bacarıqlar öyrədilmir, burada eyni zamanda hər bir tələbəyə universitetdən və ya təhsil müəssisəsindən kənardada özünü yetişdirmək, yeni bilik və bacarıqları öyrənmək, tətbiq etmək və hətta bu bilik və bacarıqları inkişaf etdirməkdə öyrədilir (In western universities students also learn how to learn a new field or area after graduation, by themselves, without support or guidance of professors). Yəni xaricdə təhsil almış mütəxəssislər öz ixtisas və sahələrindən başqa, tələb olunduqda digər iş sahələrindədə öz bilik və bacarıqlarını müstəqil şəkildə inkişaf etdirmək bacarığı qazanırlar. Bu xüsusiyyət xüsusilə Amerika ali təhsil sistemində özünü daha bariz göstərir.

  • Universiteti bitirdikdən sonra Azərbaycana işləmək üçün dönən tələbələrin sayı ildən ilə azalır. Bu halla bağlı münasibətinizi bilmək istərdik.

Bildiyiniz kimi son zamanlarda xüsusilə 2004-ci ildən başlayaraq Azərbaycanın əmək bazarlarında mühüm müsbət dəyişikliklər olmuşdur. Məhz bunun nəticəsində Azərbaycanda işsizlik səviyyəsi son illərdə  (beynəlxalq standartlar üzrə) 6-7 faizə düşmüşdür. Ancaq buna baxmayaraq Azərbaycanda yüksək maaşlı işlərin sayı və maaşların səviyyəsi hələdə istənilən səviyyədə deyil. Hesab edirəm ki, xaricdə təhsil aldıqdan sonra Azərbaycana işləmək üçün dönən məzunların sayının azalmasının əsas səbəbi budur. Bundan əlavə xaricdə təhsil almış gənclərin ölkəyə gəlməsinin azalmasında digər bir amil onlara təklif edilən işlərin və ya iş şəraitinin Qərbdə və ya digər ölkələrdə onlara təklif edilən işlər və iş şəraiti qədər cəzb edici olmamasıdır. Bildiyiniz kimi xaricdə təhsil zamanı gənclərə işdə müstəqillik, hesabatlılıq, nəticə, performans, liderlik kimi xüsusiyyətlər və bacarıqlar aşılanır ki, bunları Azərbaycan təşkilatlarında və iş mühitidində tətbiq etmək hər zaman mümkün olmur.
Xarici universitetelərə hazırlaşan insanlara nə məsləhət bilərdiniz?

Onlara özlərinin riyaziyyat, İngilis dili və peşəkar şəkildə yazmaq bacarıqları üzərində mütəmadi olaraq işləməyi, bu bacarıqları inkişaf etdirməyi, Amerikada ali təhsil üçün tələb olunan TOEFL, IELTS, SAT, GMAT və ya GRE kimi xüsusi testlərə universitetə qəbuldan iki il əvvəl başlamağı məsləhət görərdim. Eyni zamanda təhsil pilləsindən asılı olaraq ən azı 2-3 il könüllü kimi və ya peşəkar iş təcrübəsi əldə olunmasınada fikir vermələrini məsləhət görərdim. Çünki xarcidə məşhur universitetlər öz müdavimlərini sadəcə attestat və ya test nəticələrinə görə deyil, həmçinin onların könüllü və ya peşəkar iş təcrübəsi, ictimai fəaliyyətləri, liderlik bacarıqları və gələcəkdə oxumaq istədikləri sahələrdə müvəffəq olmaq potensiallarınada ciddi fikir verirlər.

Zəhmət olmasa, xaricidə təhsilinizlə bağlı təcrübənizlə bölüşün

ABŞ-nın Masaçusets universitetindən 2006-ci ildə İqtisadi Siyasət və İdarəetmə (Master in Public Policy and Administration) ixtisası üzrə magistr dərəcəsi ilə məzun olmuşam. Burada təhsilim ABŞ hökumətinin iki illik tam maliyyə dəstəyi ilə mümkün olmuşdu. Xaricdə təhsil üçün fasilələrlə 3 ildən artıq müddətdə intensiv şəkildə hazırlaşmışdım.

Masaçusets universitetində təhsil həm peşəkar bilik və bacarıqlarımın, həm dünya görüşümün, həm tətbiqi iş bacarıqlarımın, həm də sosial bacarıqlarımın inkişafında əvəssiz rol oynamışdır. Burada keçirdiyim iki ildə mən iqtisadi inkişaf üzrə nəzəriyyələr və qlobal problemlər, ekonometrika, əmək və maliyyə bazarları, dövlətin iqtisadi siyasətinin təhlili və hazırlanması, təşkilatların inkişafı, effektiv idarəetmə, qlobal proseslərin təhlili və inkişaf istiqamətləri sahələrində tanınmış və aparıcı professorlardan dərs almaq çox maraqlı, həyəcanlı və zövq verici bir təcrübəydi. Univesitet şəhərciyinə hakim olan akademik və dinamik mühit, yaxşı təhsil üçün düşünülərək yaradılmış hər cür akademik, texniki, sosial, və məişət  imkanları, tədrisdə istifadə olunan interaktiv, praktik və iştirak əsaslı öyrənmə üsulları mənim və bütün tələbələrin təhsili prosesində çox müsbət rol oynayırdı. Məni hər şeydən daha çox professorlarımızın keyfiyyəti və keçdikləri mövzularda hərtərəfli nəzəri – praktik bilik və bacarıqları heyrətləndirmişdi. Bu səbəbdən mən hesab edirdim və indidə hesab edirəm ki, ABŞ-nın ən böyük sərvəti onun ərazisi, zəngin təbii sərvətləri, meqapolisləri, nəhəng zavodları və ya innovativ sahibkarları deyil, məhz onların hər sahədə aparıcı mövqedə olan tədqiqatçıları və professorlarıdır.

İşə düzəlmə prosesində xarici təhsilin rolu sizcə böyükdürmü?

Xaricdə təhsilin hər sahədə tətbiqə əsaslanması və tələbələrə sadəcə öyrəndikləri ixtisasların nəzəriyyəsini deyil, həm də praktik əhəmiyyətini və tətbiq üsullarını da aşılaması, professor heyətinin əksəriyyətinin tədqiq etdikləri və öyrətdikləri mövzulara aidiyyatı olan təşkilatlar ilə mütəmadi iş əlaqələrində olmaları, tələbələrə işə düzəlmək üçün əksər lazımi bilik və bacarıqları təmin edir. Xaricdə təhsil eyni zamanda tələbələrin öz bilik və bacarıqlarına inamlarını artırır, onlara iş həyatında istifadə edə biləcəkləri planlaşdırma, təhlil, tədqiqat üsulları, ünsiyyət, təqdimat, koordinasiya və komanda ilə işləmək kimi bacarıqları verdiyi üçün, işə düzəlmədə rolu böyükdür. Qeyd etməliyəm ki xaricdə təhsil iş həyatı ilə daima əlaqədədir. Yəni tələbə iş həyatı ilə məzun olduqdan sonra deyil, artıq təhsil aldığı zamandan tanış olur və əlaqələr qurur. Bu əlaqələr tələbələr və professorlar tərəfindən özəl və ya dövlət təşkilatları üçün sifarişli tədqiqatların aparılması, sifarişli plan və ya strategiyaların hazırlanması, sifarişli layihələrin hazırlanıb icra edilməsi kimi bir çox vasitələrlə mümkün olur.

Profesional fəaliyyətinizdə xarici təhsilin nə kimi üstün təsirləri olub?

Qeyd etdiyim kimi, xaricdə təhsil həm nəzəri, həm də praktik bilik və bacarıqlarımın inkişafında, həm dünya görüşümün formalaşmasında, həm problemlərə daha fərqli və innovativ yanaşma tərzimin inkişafında, qlobal prosesləri təhlil bacarığımın inkişafında, dünyada getdikcə daha geniş istifadə edilən statistik və ya ekonometrik tədqiqat üsullarının öyrənilməsində, və eyni zamanda iş həyatında hamı üçün vacib olan “yumşaq bacarıqlar” deyə tərif edilən ünsiyyət, təqdimat, peşəkar əlaqələrin qurulması kimi bacarıqların inkişafında mühüm rol oynamışdır. Bu baxımdan əminliklə qeyd etmək olar ki ABŞ-da təhsil mənə çox şey vermişdir.

Onuda qeyd etmək istərdim ki, xaricdə təhsil sadəcə mənim peşəkar bilik və bacarıqlarımın inkişafında mühüm rol oynamamışdır. Xaricdə təhsil mənim və mən əminəm ki bir çox Azərbaycanlı gənclərin ölkəmizin tarixinin, maddi və mənəvi irsinin dəyərinin anlaşılmasında, ölkəmizin təbiətinin, mətbəxinin, müxtəlifliyinin, milli adət və ənənələrimizin bizim hər birimizin ayrılmaz hissəsi olduğunun qiymətləndirilməsində və bütün Azərbaycanlıların milli kimliyinin qorunmasının və inkişafının ancaq və ancaq vətənimizdə mümkün olduğunun anlaşılmasında mühüm rol oynamışdır.

Son xəbərlər
Digər xəbərlər