-3 C
Baku
Sunday, December 15, 2024

Xavala-Qeyri-qanuni pul köçürmələri

Xavala təkcə ərəb ölkələrində məşhur deyil. Çində onu fen çyen, Filippində padala, Pakistanda xuc, Honkonqda xui kuan, Somalidə ksa-vilaad, Tailanda isə fey kvan adlandırırlar. Orta əsr maliyyə atavizminin indi də bank sistemindən izolyasiya olunmuş formada effektiv işləyərək bu vaxta qədər gəlib çatmasını aydınlaşdırmağa çalışacağıq. 

Xavala (ərəb dilində tərcümədə qəbz, veksel) Hindistan yarımadasında anqlo-sakson bank sistemi yaranandan xeyli əvvəl yaranmışdır. Terminin müasir mahiyyəti əhəmiyyətli dərəcədə genişlənmiş və hazırda “inam” mənasını verir. Maliyyə əməliyyatının iştirakçıları arasında şəxsi əlaqə və etibara əsaslanan bu köçürmələr heç bir yerdə rəsmiləşdirilmir və qeydiyyata salınmır. Xavala qeyri-islam ölkələrində geniş yayılsa da, o ənənəvi olaraq, İslam bank hüququ ilə assosiasiya olunur.

Konkret bir nümunəni misal gətirək. Məsələn, Londonda qeyri-leqal yaşayan Pakistanlı mühacir Abdulla adlı bir şəxs vətəndəki qohumlarına bir qədər pul yollamaq qərarına gəlir. Bu məqsədlə o, zərgərlik dükanının sahibi adı altında işləyən qeyri-leqal London brokeri – Osmana (xavaladas) müraciət edir. Mövcud elanlar əsasında Londonda bu tip xavaladasları tapmaq o qədər də çətin deyil. Osman heç bir sual verməyərək, Abdulladan pulları alır və pulu alacaq şəxsin adı və gizli kod yazılan elektron məktub və ya faksı Pakistandakı digər xavaladasa göndərir. Pulları almaq üçün Abdullanın qohumlarının yalnız yerli xavaladasa getməsi və gizli kodu deməsi kifayət edir. Məhz bundan sonra Pakistan rupilərində hesablanan məbləği almaq olar.

Bununla da çox böyük pullar, qızıl və zərgərlik əşyaları heç bir sübut edici sənədlər olmadan sadə svop əməliyyatları vasitəsilə ölkə sərhədindən kənara çıxarılır, buna nəzarət etmək isə demək olar ki, qeyri-mümkündür. 20-25%-lik komissiya və ən azı iki həftəyə Londondan Pakistanın hansısa bir kəndinə gedib çatan pul köçürmələrindən fərqli olaraq, xavalada pulları 1-2%-lik komissiya ilə demək olar ki, dərhal çatdırmaq mümkün olur.

Bu hamını qane edir və hər kəs özünü xoşbəxt hiss edir. Abdulla daha az komissiya ödəyərək puluna qənaət edəcək, eləcə də heç kim ondan pulu haradan əldə etdiyi ilə bağlı sorğu-sual etməyəcək. Osman isə köçürmədən öz faizini alır, onun pakistanlı tərəfdaşı isə valyutanın mübadilə məzənnəsindən qazanc əldə edir. Hamıdan çox pulu ləngimədən alan Abdullanın qohumları xoşbəxt olacaq.

Indi isə bütün bunların necə işlədiyi haqqında danışaq. Şaxələnmiş xavaladas şəbəkəsinin ABŞ-da daxil olmaqla dünyanın demək olar ki, yarısını tutmasına baxmayaraq, istənilən halda bütün hesablaşmalar Dubay və ya Londondan keçməli olur. Həmin yerlərdəcə klirinq əməliyyatları (əsasən islam banklarının aktiv iştirakı ilə qızıl və zərgərlik əşyaları vasitəsilə tənzimlənən alınmış və göndərilmiş məbləğlər arasında yaranmış fərqin ödənilməsi) həyata keçirilir. Xavalada pul axınları müstəsna olaraq, Qərbdən Asiya və Afrika ölkələrinə yönəldiyindən qarşılıqlı öhdəliklərin tənzimlənməsi ehtiyacı yaranır.

Hazırda xavala 200 mlrd dollarlıq dövriyyəsi olan, bir-birilə etnik əlamət üzrə birləşmiş 5 mindən çox ayrıca fəaliyyət göstərən broker məntəqələrindən ibarət nəhəng bir şəbəkədir. Belə bir struktura nəzarət etmək faktiki olaraq, qeyri-mümkündür. Hətta bir çox ölkələrdə xavalanın rəsmi olaraq, qadağan edilməsinə baxmayaraq, onun xidmətlərindən təkcə Asiya və Afrikadan olan daimi müştərilər deyil, həm də ABŞ və Avropanın bir sıra mötəbər biznesmen və fiziki şəxsləri də istifadə edir. Xavalanın belə geniş yayılmasının əsas səbəbi ucuz başa gəlməsi, etibarlılıq və sürətlilikdir.

Son xəbərlər
Digər xəbərlər