Xiaomi Mi 9 Pro 5G smartfon modeli barəsində yeni məlumat verilib. Belə ki, Xiaomi şirkətinin yaradıcısı və CEO-su olan Lei Jun-un sözlərinə görə yeni smartfon çox sürətli şəkildə şarj olunacaq. Hətta bəzi məqamlarda o, digər rəqib smartfonlardan da sürətli şarj olunacaq. Bu barədə Gizmochina saytı xəbər verib. Şirkət rəhbərinin sözlərinə əsasən Mi 9 Pro 5G modeli 40 vatt gücündə olan şarj naqili vasitəsilə 100% enerjini 48 dəqiqəyə yığa biləcək.
Lakin məlum deyil ki, smartfon komplektində bu cür şarj naqili olacaq yoxsa yox. Bununla yanaşı smartfon 30 vatt gücündə olan naqilsiz sürətli şarj texnologiyasının dəstəyini də əldə edəcək. Bu, hal hazırda dünyada olan ən sürətli naqilsiz şarj texnologiyasıdır. Naqilsiz şarj texnologiyası vasitəsilə isə Mi 9 Pro 5G modeli 100% enerjini 69 dəqiqəyə yığacaq. Bu cür göstərici isə digər smartfonların naqil vasitəsilə şarj göstəricilərindən daha yüksəkdir.

©Technote.az








