“Xiaomi” şirkəti iki yeni smartfonunu – “Redmi Note 9 Pro” və “Redmi Note 9 Pro Max” təqdim edib. Hər iki qurğu dizayn və ölçülərinə görə eynidir, FHD təsvir ölçülü 6,67 düymlük IPS ekranla təchiz ediliblər. Korpus “Gorilla Glass 5” şüşəsi ilə qorunur.
Qurğular “Adreno 618” qrafik sürətləndiricisinə malik “Snapdragon 720G” prosessoru ilə təchiz edilib. Əməli yaddaşın tutumu 4/6/8 QB (LPPDDR4x), daxili yaddaş isə 64 və ya 128 QB təşkil edir. “MicroSD” yaddaş kartının köməyi ilə daxili yaddaşın tutumunu artırmaq mümkündür.
Hər iki model 5020 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. İstehsalçının bəyanatına görə, bu, video rejimində 26 saat avtonom işləmək yaxud PUBG oyununda 11 saatlıq fasiləsiz oynamaq üçün kifayətdir. “Redmi Note 9 Pro” 18 vattlıq, “Redmi Note 9 Pro Max” cihazı isə 33 vattlıq “USB Type-C” vasitəsilə sürətli enerjidoldurma texnologiyasını dəstəkləyir.
Yeni smartfonlarda əsas fərq kamera ilə bağlıdır. “Redmi Note 9 Pro”da ön kameranın təsvir ölçüsü 16 mp-dir, əsas modul isə 48 mp-lik, 8 mp-lik, 5 (makro) 2 mp-lik sensorlardan ibarətdir. “Redmi Note 9 Pro Max”da ön kamera 32 mp-dir, əsas kameranın əsas sensoru isə artıq 64 mp-dir. Digər 3 sensor əvvəlki modeldə olduğu kimidir.
Həmçinin smartfonlar məişət texnikasını idarə etmək üçün infraqırmızı sensor, barmaq izləri skaneri, yeni vibro mühərrik və naqil qulaqlıqların qoşulması üçün 3,5 mm-lik portla təchiz ediliblər. Korpus damcılardan qoruyan “P2i” örtüyünə malikdir. Cihazlar “MIUI 11” interfeysli “Android 10” mobil əməliyyat sisteminin idarəetməsi əsasında işləyir.
Smartfonlar Hindistanda təqdim edilib.