Dünyanın ən böyük smartfon istehsalçısı “Xiaomi” elektrikli nəqliyyat vasitələrinin istehsalı ilə məşğul olacaq törəmə şirkətinin qeydiyyatını tamamlayıb. Banker.az “TASS”a istinadən xəbər verir ki, bu barədə “Weibo” sosial şəbəkəsindəki rəsmi hesabda yayılan mesajda deyilir.
Yeni şirkətin nizamnamə kapitalı 10 milyard yuan (təxminən 1.5 milyard dollar) təşkil edir, idarə heyətinin sədri qismində Lei Jun seçilib. Önümüzdəki on ildə “Xiaomi” elektrikli avtomobillərin istehsalına qoyulan ümumi sərmayəni 10 milyard dollara çatdırmağı planlaşdırır.
Şirkətin öz elektrikli avtomobillərini hazırlamaq və istehsal etmək planlarının elan edilməsi ilə rəsmi qeydiyyat arasında cəmi beş ay keçib. Mesajda “Xiomi”nin yeni şirkətə 300 mütəxəssisdən ibarət olan işçi heyəti götürdüyü qeyd olunur.
Xatırladaq ki, “Xiaomi” 2010-cu ilin aprel ayında qurulub və hazırda dünyanın ən böyük smartfon istehsalçıları ilə ayaqlaşır. 2018-ci ildə Honkonq birjasında şirkət IPO keçirib. Ötən ilin dekabr ayının sonunda isə “Xiaomi”nin kapitallaşması ilk dəfə olaraq 100 milyard dollar həddini ötüb.