Çinin “Xiaomi” şirkətinin səhmləri Honkonq birjasında 8,7% aşağı düşüb. “Bloomberg”in məlumatına görə, bu, apreldən bəri şirkətin ən böyük gündəlik itkisidir. Qiymət enişinə səbəb şirkətin SU7 adlı elektrik avtomobili ilə baş vermiş yol-nəqliyyat hadisəsi olub.
Çin mediasının məlumatına əsasən, hadisə bu səhər ölkənin cənub-qərbində yerləşən Çendu şəhərində baş verib. Sosial şəbəkələrdə yayılan kadrlarda qəzadan sonra avtomobilin alışdığı görünür. Bir neçə nəfər avtomobilin qapısını açmağa çalışıb. İlkin məlumata görə, içəridəki sərnişinlərdən biri bloklanmış vəziyyətdə qalıb. Rəsmi qurumlar hələlik ölən və yaralananlar barədə məlumat açıqlamayıb.
Oxşar hadisə bu ilin aprelində Anxoy əyalətində baş vermişdi. Həmin vaxt SU7 modelinin sürücüsü 120 km/saat sürətlə beton maneəyə çırpılmış, nəticədə üç nəfər həlak olmuşdu. Sonradan məlum olub ki, qəzadan əvvəl avtomobildə avtopilot sistemi aktiv olub, lakin o, səhv işləyib. Bu hadisədən sonra SU7 modelinə yeni sifarişlərin sayı 1,5 dəfə azalmışdı.