Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Təhlükəsizlik Şurasının katibinin Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfərinə münasibət bildirib.
XİN-dən verilən xəbərə görə, 2 sentyabr 2022-ci il tarixində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər etməsi Ermənistan tərəfinin növbəti təxribatıdır və iki dövlət arasında münasibətlərin normallaşması cəhdlərinə xələl gətirir.
“Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə baş tutan növbəti görüşdən dərhal sonra Ermənistan rəsmisi tərəfindən məqsədyönlü şəkildə atılan bu qanunsuz addım, görüş zamanı əldə edilmiş razılıqlara kölgə salmaqla yanaşı, Ermənistan tərəfinin normallaşma prosesində səmimi olmadığını açıq nümayiş etdirir.
Bu qanunsuz səfər, Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının olmadığı, suverenlik və dövlət sərhədləri prinsiplərini qəbul etdiyinə dair bəyanatlarının səmimiyyətdən uzaq olduğunu göstərir.
Bu, həmçinin rəsmi Yerevan tərəfindən beynəlxalq vasitəçilərin səylərinə hörmətsizlikdir.
Ermənistan rəsmisinin təxribatçı addımını qətiyyətlə qınayır və vurğulayırıq ki, Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünə qarşı atılan hər hansı addımlar cavablandırılacaqdır”, – deyə XİN-in yaydığı məlumatda qeyd olunub.