8 C
Baku
Thursday, December 12, 2024

XİN-in İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə ziyanın 2.3 milyon manatını ödəyib

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə və İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə şahidlər dindirilib.

Şahid Alim Babayev bildirib ki, təqsirləndirilən şəxsləri tanımır: “Tanışlarım Şəmsi və Rzanın göstərişləri ilə “Günay Bank”dan müəyyən məbləğdə pulları çıxarıb “Amrahbank”a apararaq Rövşən adlı şəxsə verirdim. Ümumilikdə 2-3 min manat pulu Rövşənə vermişəm və bu məbləğdən özümə heç nə götürməmişəm”.

Daha sonra hal şahidi kimi Rəhman Aslanov dindirilib. O qeyd edib ki, Fərhad Mollazadəni tanıyır: “Əməliyyat zamanı F.Mollazadənin cibindən və otağındakı seyfdən pullar çıxdı. Cibindən təxminən 2 min dollar, seyfdən isə 10 min manata yaxın pul götürüldü. Axtarış zamanı otaqdan ev sənədləri də çıxdı”.

Daha sonra şahid Elgün İsmayılov dindirilib. O, Fərhad Mollazadə və Səlim Əlizadəni tanımadığını bildirib: “Mən Vüqar adlı şəxsin yanında avtoservisdə usta köməkçisi işləyirdim. O dedi ki, təzə bir avtoservis açıb səni ora usta qoyacağıq. Bildirdi ki, avtoservis açmaq üçün əvvəlcə mənim adıma iki MMC açılmalıdır. Mən də razılaşdım. Lakin nə tenderlərdən, nə də pullardan xəbərim olmayıb. Sonra da Vüqar usta vəfat etdi”.

Şahidlər dindirildikdən sonra hakim XİN-in nümayəndəsinə söz verib. Nümayəndə qeyd edib ki, XİN-in tələbi dəymiş ziyanın ödənilməsidir: “Dəymiş ziyanın ümumi məbləği 2 543 173 manatdır. Bu məbləğin 2 300 000 manatı Fərhad Mollazadə tərəfindən ödənilib. Hazırda 243 173 manat ödənilməmiş olaraq qalır”.

Hakim Əfqan Hacıyev təklif edib ki, yerdə qalan məbləği Səlim Əlizadə ödəsin.

Məhkəmə prosesi avqustun 31-də davam etdiriləcək.

Qeyd edək ki, ittihama görə, F.Mollazadə S.Əlizadə və digərləri ilə əlbir olub çoxsaylı şirkətlər vasitəsi ilə nazirlik üçün hədiyyələr, dəftərxana ləvazimatları, suvenirlər və s. alınması məqsədi ilə ümumilikdə 2 543 173 manat vəsaiti mənimsəyiblər. Bu mənimsəmə tenderlərdə süni şəkildə qalib olma yolu ilə həyata keçirilib.

Prokuror təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edib.
İş üzrə zərərçəkmiş qismində Xarici İşlər Nazirliyi də tanınıb.

Xatırladaq ki, XİN-in sabiq işçiləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan cinayət işi üzrə saxlanılıblar. Keçirilən əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilərək həbs olunublar.

26 dekabr 2020-ci ildə hər iki şəxs barəsində həbs qətimkan tədbiri ləğv olunub və onlar ev dustaqlığına buraxılıblar.

Son xəbərlər
Digər xəbərlər