Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla ilk təması onun hakimiyyətə gəlməsindən sonra, 2018-ci ilin sentyabrında Düşənbədə olub və o zaman prezident məsələni həll etməli olduqlarını bildirib.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İTV-yə müsahibəsində deyib.
C. Bayramov qeyd edib ki, Nikol Paşinyanın mövqeyi isə kifayət qədər konstruktiv olub və hakimiyyətə yeni gəldiyini, münaqişənin həlli üçün lazımi addımları atacağını deyib.
“Cənab prezident elə Düşənbədə olarkən Müdafiə Nazirliyinə bütün istiqamətlər üzrə tam sakitlik və sabitliyin təmin olunması barədə tapşırıq verir. Nikol Paşinyanla ölkələr arasında bir qaynar xəttin təşkilinə razılıq əldə olunur və bu xətt formalaşdırılır ki, hansısa gərginlik olduqda dərhal tərəflər sabitliyi təmin etmək üçün addım atırlar”.
C. Bayramov əlavə edib ki, həmin görüşdən bir müddət sonra Paşinyan mövqeyini dəyişir:
“Hətta münaqişənin həlli yönündə addım atacağı təqdirdə, onu öldürəcəklərini deyir. “Siz istəyirsiniz ki, məni öldürsünlər”, – deyir. Cənab prezident isə bildirir ki, biz heç kimin ölməsini istəmirik”.
Nazir xatırladıb ki, sonradan 2019-cu ildə Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” ifadəsini işlədir.
“2020-ci il iyulun 10-da Ermənistanın yeni Milli Təhlükəsizlik konsepsiyası hazırlanır və Birinci Qarabağ müharibəsinin nəticələrinin möhkəmləndirilməsi həmin konsepsiyaya əlavə edilir. Daha sonra Polad Həşimovun qətlində iştirak edən hərbçilərin təltif olunması həyata keçirilir. Bunların hamısı qırmızı xəttin keçilməsi idi. Daha sonra belə bir ifadə işlədilir ki, Azərbaycan qondarma Dağlıq Qarabağ Respublikasının üzvləri ilə danışıqlar aparmalıdır. Bu isə həmin vaxta qədər olan bütün danışıqlar sisteminin darmadağın edilməsi idi”.







