-1 C
Baku
Friday, February 21, 2025

“Xızı-Abşeron” KES-in istismara veriləcəyi tarix açıqlandı

“Xızı-Abşeron” külək elektrik stansiyasının (KES) istismara veriləcəyi tarix açıqlanıb.

Bu barədə Xızı–Abşeron 240 MVt-lıq Külək Elektrik Stansiyasına təşkil edilən mediatur zamanı məlumat verilib.

Bildirilib ki, “Xızı-Abşeron” külək elektrik stansiyasında (KES) hazırda hər birinin gücü 6.5 MVt olan 4 turbin quraşdırılıb.

Vurğulanıb ki, 2025-ci il ərzində bütün turbinlərin quraşdırılması və stansiyanın istismara verilməsi gözlənilir.

Ümumilikdə, stansiya ölkənin ümumi enerji balansında “yaşıl enerji”nin payını əhəmiyyətli dərəcədə yüksəldəcək. Belə ki, ilkin hesablamalara görə, stansiyada illik 1 milyard kilovatt-saata yaxın elektrik enerjisi istehsal olunacaq. Bu da 220 milyon kubmetr təbii qaza qənaət etməyə, 400 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa və 300 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verəcək. Layihənin ümumi investisiya dəyəri təqribən 340 milyon ABŞ dolları təşkil edir.

Xatırladaq ki, Azərbaycanın təmiz ətraf mühit və yaşıl artım ölkəsi prioritetinə uyğun olaraq həyata keçirilən 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası ölkəmizdə bərpaolunan enerji sahəsində ən böyük layihələrdən biridir. Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən tamamilə xarici investisiya hesabına həyata keçirilir. Layihə enerji mənbələrinin şaxələndirilməsi ilə ölkənin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, yaşıl enerji istehsalının artırılması və ekoloji dayanıqlılığın təmin olunması baxımından böyük əhəmiyyət daşıyır.

Azərbaycanın zəngin külək enerjisi potensialı, yaşıl enerji sahəsinə olan böyük maraq və ölkəmizdə xarici investisiyalar üçün yaradılmış əlverişli mühit bu layihənin həyata keçirilməsinə mühüm stimul verib.

Qeyd edək ki, layihə Abşeron və Xızı rayonlarında, ümumilikdə 36 hektar ərazidə həyata keçirilir. 12 külək turbinindən ibarət hissə ümumi gücü 78 meqavat olmaqla Abşeron rayonunun, 25 külək turbinindən ibarət olan 162 meqavatlıq hissə isə Xızı rayonunun ərazisində yerləşəcək. Abşeronda illik 300 milyon kilovat-saatdan, Xızıda isə 600 milyon kilovat-saatdan çox elektrik enerjisinin istehsalı proqnozlaşdırılır. Külək texnologiyasında enerji istehsalının səmərəliliyi küləyin sürətindən asılıdır. Tədqiqatlar göstərir ki, Abşeronda küləyin orta illik sürəti saniyədə 9,35 metr, Xızıda isə 9.63 m/s təşkil edir. Bu göstərici turbinlərin səmərəli fəaliyyəti üçün kifayət qədər yüksəkdir və stansiyanın enerji istehsalında dayanıqlılığı təmin edəcək.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər