“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının (KES) tam istismara verilməsi gələn ilin son rübünə planlaşdırılır.
Bunu Energetika Nazirliyinin tabeliyindəki Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin rəhbəri Cavid Abdullayev “Bakı Gəmiqayırma Zavodu” MMC-də stansiyasının pərlərinin Bakıya gətirilməsi ilə bağlı keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, bu ayın sonuna qədər 8 külək turbininin hissələri əraziyə çatdırılacaq: “Onun pərinin birinin uzunluğu 84 metrdir. Quraşdırılacaq qurğunun hündürlüyü isə 100 metrdən artıqdır. Abşeron ərazisində 12, Xızıda isə 25 belə turbinin quraşdırılması nəzərdə tutulub. 6 ədəd turbinin bünövrəsi hazırdır. Turbinə uyğun kifayət qədər böyük bünövrələr təchiz olunub. Bir sözlə, logistik çətinliklər aradan qalxıb və turbinlər Azərbaycana çatdırılıb. Turbinlərin istehsalı tam başa çatıb və hissə-hissə müvafiq nəqliyyat vasitələri ilə ünvanlara çatdırılır”.
C.Abdullayev vurğulayıb ki, stansiyanın istismara verilməsi 220 milyon kubmetrə qədər təbii qazın sərbəstləşdirilməsi deməkdir: “Bu həcmləri ixrac etmək olar ki, bu da 400 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa və 300 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verəcək”.