22 C
Baku
Thursday, April 18, 2024

“Yəqin cənab nazir məlumatsızlıqdan belə bir açıqlama verib”

“Bunlar nazirin öz fikirləridir. Ancaq cənab nazir bunu bilməmiş olmaz, yəqin məlumatsızlıqdan irəli gələrək belə bir açıqlama ilə çıxış edib. Amma Agentliyin Müşahidə Şurasında təmsil olunan əməkdaşından bu məsələləri soruşa bilərdi”.

Bunu  açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Əvəz Həsənov maliyyə naziri Samir Şərifovun QHT-lərə qrant ayrılması məsələsinin gecikməsinin nazirlikdən qaynaqlanmaması ilə bağlı fikrinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Agentliyin QHT-lərə qrant verməsi Nazirlər Kabinetinin müvafiq sənədi təsdiq etməsindən sonra mümkündür: “Ancaq Nazirlər Kabineti həmin qaydaları təsdiq etməyib. Biz o qaydaları bir neçə ay əvvəl hazırlamışıq. Halbuki o qaydaları da biz hazırlamalı deyildik. Bunu sərəncama əsasən digər dövlət strukturları hazırlamalı idi. Biz agentlik olaraq həmin strukturlara qaydaların hazırlanmasında kömək etdik və bunlar hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.

Bu məsələdən Maliyyə Nazirliyinin də xəbəri var. Çünki Maliyyə Nazirliyinin bir nəfər əməkdaşı Agentliyin Müşahidə Şurasının üzvüdür. Qrant ayrıılmasının gecikməsində bizdən asılı olan heç bir şey yoxdur. Əlimizdə tutaq ki, vəsait var. Ancaq sənədi olmayan pulu biz QHT-yə necə verə bilərik? Nazirlik bunu məncə, daha yaxşı bilir. Pulun təyinatı üzrə xərclənməsi üçün bizim əlimizdə heç bir sənəd yoxdur. Belə bir vəziyyətdə Agentliyi günahlandırmaq məncə, düzgün deyil”.

Ə. Həsənov vurğulayıb ki, mövzular, qrant meyarları, qrant məbləğlərinin limiti hazırlanıb: “Biz agentliyə əməkdaşlar işə götürmüşük. Çalışmışıq ki, əməkdaşlar start vəziyyətində olsun ki, Nazirlər Kabineti sənədi təsdiq etdikdən sonra dərhal qrantı elan edə bilək. Qrantla bağlı sentyabrda bizim Agentliyin Müşahidə Şurasının qərarı da var idi. Ümid edirdik ki, sənədimiz sentyabrın sonunda təsdiqlənsə, biz artıq oktyabrın əvvəli və ortalarında qrant elan edə bilərdik”.

Xatırladaq ki, maliyyə naziri S. Şərifov bugünkü açıqlamasında qrant məsələsi ilə bağlı problemin Maliyyə Nazirliyi və Nazirlər Kabinetindən qaynaqlanması barədə deyilənlərin əsassız olduğunu bildirib: “Maliyyə Nazirliyi və Nazirlər Kabinetinin nə marağı var? Sadəcə, Agentlik yeni yaradıldığına görə müvafiq idarəetmə strukturlarının formalaşmasında müəyyən ləngimələr var. Proses başa çatan kimi bu işlər də görüləcək. Bildiyim qədər, Agentlikdə qrantların ayrılmasına Agentliyin Müşahidə Şurası tərəfindən baxılır. Həmin Şuranın tərkibi dəyişib, ləngimələr də bununla bağlıdır. Yəni problem onlarla bağlıdır. Vəsait var, bu vəsait də həmin quruma ayrılıb, buyursunlar, müvafiq qərar verib, vəsaitlərindən istifadə etsinlər”.

Son xəbərlər
Digər xəbərlər