9 C
Baku
Thursday, December 12, 2024

Yağ istehsalı zamanı istehlakçıları aldatmaqla süni qiymət artımı yaradan firmanın vəzifəli şəxslərinə qarşı iş qaldırıldı

Əvvəllər məlumat verildiyi kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti  və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən manatın məzənnəsində baş vermiş dəyişiklikdən istifadə edərək süni qiymət artımı, mal qıtlığının yaradılması, inhisarçılıq, istehlakçıların aldadılması və digər sui-istifadə hallarının qarşısının alınması məqsədilə ardıcıl olaraq təxirəsalınmaz qabaqlayıcı tədbirlər, habelə istintaq-əməliyyat tədbirləri həyata keçirilməkdədir.

Belə ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılmış araşdırma zamanı Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov ev 20, mənzil 1 ünvanında fəaliyyət göstərən “Fazil” firması tərəfindən istehsal olunmuş “Rossiyskoye №40” və “Rossiyskoye №10” kombinə edilmiş xüsusi yağ nümunələrinin etiketində qeyd olunan məhsullarda süd yağının miqdarının müvafiq olaraq 40% və 10% göstərildiyi halda, analiz nəticələrinə görə bu göstəricilərin dəfələrlə az, yəni müvafiq olaraq 0,49% və 1,22% olması müəyyən edildiyindən toplanmış materiallar hüquqi qiymət verilməsi məqsədi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir.

Baş İdarə tərəfindən aparılmış araşdırma zamanı “Fazil” firmasının direktoru Tahir Sadıxov tərəfindən süni qiymət artımına yol verilməsinə və xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə tamah və sair şəxsi niyyətlərlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə firma tərəfindən istehsal olunan “Rossiyskoye №40” və “Rossiyskoye №10” yağlarının xüsusiyyəti və keyfiyyətinə dair məlumatları saxtalaşdırmaqla istehlakçıları xeyli miqdarda aldadaraq fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 200.1 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) və 313-cü maddələri ilə cinayət işi başlanmış, T.Sadıxov şübhəli şəxs qismində saxlanılmışdır.

Hazırda qeyd olunan cinayətin törədilməsində iştirak etmiş digər təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bir daha bəyan edir ki, süni qiymət artımı, məqsədli mal qıtlığının yaradılması və digər sui-istifadə hallarına yol verən təxribatçı, işbaz və dəllallar barəsində qanunla nəzərdə tutulmuş ən ciddi cəza tədbirləri görüləcəkdir.

Həmçinin bu cür hallarla qarşılaşan vətəndaşlara Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı və İqtisadiyyat Nazirliyinin 195-2 saylı “Qaynar xətt” əlaqə mərkəzlərinə müraciət etmələri tövsiyə olunur.

Son xəbərlər
Digər xəbərlər