“Mövcud kanalizasiya xətləri intensiv yağıntılar zamanı yağış sularının kənarlaşdırılmasını təmin edə bilmir. Nəticədə son günlər müşahidə edilən hallar yaşanır”.
Banker.az Baku TV-yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının müavini Ayaz Hüseynov deyib.
O bildirib ki, son zamanlar xeyli sayda yaşayış binalarının inşası, eləcə də əhalinin sayında ciddi artım müşahidə edilməsi yeni kanalizasiya xətlərinin çəkilməsinə zərurət yaradıb.
BŞİH rəsmisi əlavə edib ki, kanalizasiya xətlərinin istismarı və idarə olunması Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən həyata keçirilir və qurum layihənin hazırlanması işlərinə başlayıb.
“İntensiv yağıntılar zamanı son günlər müşahidə edilən halların təkrarlanması istisna edilmir. Belə vəziyyətlərdə yolların bağlanması, hərəkət istiqamətinin dəyişdirilməsi və digər zəruri tədbirlər həyata keçirilir”, – deyə A.Hüseynov vurğulayıb.