16 C
Baku
Wednesday, October 16, 2024

Yalnız nağdsız qaydada aparılan hesablaşmalar – Nümunələrlə izah

Bəzən nağdsız hesablaşmalarla bağlı qanunvericiliyin tələblərinin düzgün yerinə yetirilməməsi vergi ödəyicilərini maliyyə sanksiyaları ilə üz-üzə qoyur. Banker.az xəbər verir ki, mövzunu “vergiler.az”a sərbəst auditor Altay Cəfərov şərh edib.

“Nağdsız hesablaşmalar haqqında” Qanuna 3 dekabr 2021-ci ildə edilmiş dəyişikliklərdən biri 3.4-cü maddəyə aiddir. Həmin maddəyə əsasən, bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir:

– ixtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər;

– pərakəndə satış qaydasında təqdim edilən malların (avtomobillər istisna olmaqla) satışı üzrə bir əməliyyat çərçivəsində dörd min manatdan artıq olan ödənişlər.

Misal 1: “AA” MMC-nin həm topdansatış, həm də pərakəndə ticarətdən gəlirləri vardır. Şirkət 2022-ci ilin iyun ayında pərakəndə qaydada bir müştəriyə 3.500 manatlıq, digər fiziki şəxsə isə 6.000 manatlıq mal satıb. Bundan əlavə, topdansatış qaydasında bir hüquqi şəxsə 20.000 manatlıq, başqa bir hüquqi şəxsə isə 30.000 manatlıq mallar təqdim edilib. Bu əməliyyatlarda “AA” MMC pul vəsaitini nağd ala bilərmi? Əməliyyatlar necə rəsmiləşdirilməlidir?

“Nağdsız hesablaşmalar haqqında” Qanundakı dəyişikliklərdən biri pərakəndə ticarətdən əldə olunan vəsaitlərin nağd formada qəbul edilməsinin məhdudlaşdırılmasıdır ki, bu limit bir əməliyyat çərçivəsində 4.000 manat müəyyənləşdirilib. Yuxarıdakı nümunədə “AA” MMC birinci müştəridən 3.500 manatı nağd formada qəbul edə bilər və bu zaman alıcıya normal formada kassa çeki təqdim etməlidir.

İkinci müştəriyə pərakəndə formada təqdim edilmiş mallar üçün 6.000 manat pul nağdsız formada alınmalıdır. Pul nağd formada alınsa, Vergi Məcəlləsinin 58.7-1.9-cu maddəsinə əsasən, vergi ödəyicisinə maliyyə sanksiyası tədbiq ediləcək.

“Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən, nağdsız hesablaşma dedikdə aşağıdakılar nəzərdə tutulur:

– bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar;

– ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar;

– birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar.

Deməli, 6.000 manatlıq mal alan müştəriyə normal kassa çeki verilməlidir və həmin şəxs vəsaiti qanunun 3.1.-ci maddəsində göstərilən ödəniş formalarından istifadə etməklə həyata keçirməlidir.
“AA” MMC topdansatış qaydasında təqdim etdiyi mallar üçün 20.000 manat və 30.000 manat vəsaiti nağd formada qəbul edə bilər. Çünki qanunda bu cür əməliyyatlarda pulun nağd formada qəbul edilməsinə limit qoyulmayıb.

Onu da qeyd edim ki, təcrübədə topdansatış formasında təqdim edilən mallar üçün vəsaitlərin nağd qəbul edilməsinə az hallarda rast gəlinir. Belə ki, topdansatışda əməliyyatlar elektron qaimə-faktura təqdim edilməklə aparılır. Topdansatış ilə məşğul olan şəxslərin, demək olar ki, hamısı ƏDV ödəyiciləridir və ödənişlərin qarşı tərəfə nağd aparılması onlara sərf etmir, onlar ödənişi nağd apardıqda ƏDV-ni əvəzləşdirə bilmirlər. Bundan əlavə, alışa limit olmasa da, ödənişə limit qoyulub və limit pozularsa, ödənişi həyata keçirənlərə maliyyə sanksiyası tədbiq edilir.

Misal 2: Avtonəliyyat vasitələrinin satışı ilə məşğul olan hüquqi şəxs satış üçün aldığı avtonəqliyyat vasitəsini 70.000 manata satıb. Bundan əlavə, şirkət özünün xidməti məqsədlər üçün istifadə etdiyi nəqliyyat vasitəsini də 35.000 manata satıb. Bu satışlardan əldə olunan vəsaitlər nağd formada qəbul edilə bilərmi?

Əvvəlki misalda açıqladığımız kimi, limit və ya qadağa qoyulmuş əməliyyatlar zamanı məbləğlər nağd formada qəbul edilsə, bu, qanun pozuntusu olacaq və vergi orqanları tərəfindən müvafiq hallar üçün 10%, 20%, 40% maliyyə sanksiyaları tətbiq ediləcək.

Şirkət avtomobili 70.000 manata pərakəndə qaydada satdığına baxmayaraq, pul vəsaitini nağdsız qaydada qəbul etməlidir. Çünki şirkətin fəaliyyəti sırf avtonəliyyat vasitələrinin satışı üzrə ixtisaslaşıb. Pul vəsaitinin qəbulu ilə bağlı bu qayda avtosalonlara da aiddir.

İkinci halda şirkətin xidməti məqsədlər üçün istifadə etdiyi avtomobilin 35.000 manata satışı isə avtonəliyyat vasitəsinin istisaslaşmış fəaliyyət üzrə satışı sayılmır. Buna görə də qanunun 3.4.11.-ci maddəsinin tələblərinə əsasən, bu satış zamanı pul nağd formada limitsiz qəbul edilə bilər.

Son xəbərlər
Digər xəbərlər