11 C
Baku
Tuesday, November 26, 2024

Azərbaycana yanvarda ən çox hansı ölkələrdən turist gəlib?

2018-ci ilin yanvar ayı ərzində Azərbaycana dünyanın 138 ölkəsindən 186,2 min və ya ötən ilin eyni ayı ilə müqayisədə 16,4% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, gələnlərin 70,0%-ini kişilər, 30,0%-ini isə qadınlar təşkil etmişdir.

Gələnlərin,

  • 30,7%-i Rusiya Federasiyası,
  • 24,5%-i Gürcüstan,
  • 13,0%-i Türkiyə,
  • 7,2%-i İran,
  • 4,4%-i Birləşmiş Ərəb Əmirlikləri,
  • 2,2%-i Ukrayna,
  • 1,7%-i İraq,
  • 16,2%-i digər ölkələrin vətəndaşları,
  • 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olmuşdur.

İran istisna olunmaqla, Körfəz ölkələrindən gələnlərin sayında daha çox artım müşahidə edilmişdir. Ötən ilin yanvar ayı ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 6,4 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,9 dəfə, Qətər vətəndaşlarının sayı 2,7 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,6 dəfə, Oman vətəndaşlarının sayı 2,1 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 1,5 dəfə, İraq vətəndaşlarının sayı 1,5 dəfə artmışdır. İrandan gələnlərin sayında 5,3% azalma müşahidə edilmişdir.

Körfəz ölkələrindən gələnlərin ümumi sayı 35,2% artaraq 32,9 min nəfər olmuşdur. 2018-ci ilin yanvar ayında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,0% azalaraq 5,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 6,9% artaraq 67,3 min nəfər olmuşdur.
Cari ilin yanvar ayında ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 62,0%-i dəmir yolu və avtomobil, 37,3%-i hava, 0,7%-i isə su nəqliyyatından istifadə etmişdir.
2017-ci ilin yanvar ayına nisbətən xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 3,0% azalaraq 299,3 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 32,6%-i Gürcüstana, 23,8%-i İrana, 23,4%-i Rusiya Federasiyasına, 12,5%-i Türkiyəyə, 1,9%-i Ukraynaya, 1,5%-i Birləşmiş Ərəb Əmirliklərinə, 4,3%-i isə digər ölkələrə səfər etmişdir.

Xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 78,3%-i dəmir yolu və avtomobil, 20,8%-i hava, 0,9%-i isə su nəqliyyatından istifadə etmişdir.

 

Son xəbərlər
Digər xəbərlər