6 C
Baku
Monday, December 16, 2024

Yanvarda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 7.3 milyon manat daxil olub

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam etdirilir.

Belə ki, cari ilin yanvar ayı ərzində 5 hərrac keçirilib. Hərraclarda 9 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 59 nəqliyyat vasitəsi özəlləşdirilib.

Ötən ay ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 47 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 16 onlayn qoşulma reallaşıb. Yanvar ayı ərzində hərrac vasitəsilə 7 faydalı qazıntı yatağı istismara verilib.

Dövlət əmlakının özəlləşdirilməsinin mütərəqqi üsullarından biri də investisiya müsabiqəsidir. Ötən ay ərzində 1 müəssisənin (“Sumqayıt Tikinti Xidmət” ASC) dövlətə məxsus səhmlərinin satışı üzrə investisiya müsabiqəsi reallaşıb.

Cari ilin ilk ayı ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 4,54 milyon manat təşkil edib. Bu isə 2021-ci ilin eyni dövrünün göstəricisindən 9,5 faiz çoxdur.

Daşınmaz dövlət əmlakının səmərəli istifadə edilməsi və icarədən yayınmış obyektlərin icarəyə cəlb edilməsi məqsədilə aparılmış nəzarət və maarifləndirmə tədbirləri nəticəsində icarə bazasının genişləndirilməsinə nail olunub və bağlanılmış icarə müqavilələrinin sayında artım qeydə alınıb. Belə ki, ötən ay ərzində ümumilikdə 147 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 56-sı qeyri-yaşayış sahəsi üzrə, 91-i isə torpaq sahələrinə aiddir.

Bununla yanaşı cari ilin ilk ayında 34 icarə müqaviləsinin müddəti uzadılıb, 27 icarə müqaviləsi ləğv edilib. 2021-ci ilin yanvar ayı ilə müqayisədə 115 və ya 4,6 dəfə çox icarə müqaviləsinin bağlanılması təmin olunub.

Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən ötən ay dövlət büdcəsinə ümumilikdə 2,76 milyon manatdan çox vəsait ödənilib. Bu isə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1,4 milyon manata yaxın artım deməkdir.

Son xəbərlər
Digər xəbərlər