2024-cü ilin yanvar ayı ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 64.212 şəxs qəbul edilib və onlara 99.569 sayda xidmət göstərilib ki, bunlardan 34 mindən çoxu şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 31 mindən çoxu isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) bağlı olub.
Ümumi elektron xidmətlərin 91,4 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:
– Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
– Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;
– Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
– Asan İmza sertifikatlarının verilməsi;
– Vergi ödəyicilərinə arayışların verilməsi;
– Vergi ödəyicilərinin uçot məlumatlarının dəyişdirilməsi;
– Fiziki şəxslərin uçota alınması və yenidən uçota alınması;
– Vergi ödəyicilərinin fəaliyyətinin bərpası;
– Fiziki şəxslərin uçotdan çıxarılması.
2024-cü ilin yanvar ayı ərzində vergi ödəyicilərindən daxil olmuş 2,6 minə yaxın müraciət cavablandırılıb, onlara 2,4 milyona qədər məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), mobil telefon nömrələrinə 306 minə yaxın SMS göndərilib. Ay ərzində 573 vergi ödəyicisinin iştirakı ilə 37 görüş keçirilib, 294 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib.
Hesabat dövründə 32.864 müraciət üzrə 55.758 Asan İmza sertifikatı verilib. 2,1 mindən çox vergi ödəyicisinin mövcud sertifikatının yenilənməsi qüvvədə olan Asan İmza, onlara yeni sertifikatların verilməsi isə elektron xidmətlər vasitəsilə həyata keçirilib.