“Bu gün ölkədə avtomobillərlə bağlı gömrük rüsumunun artırılması gündəmdə deyil. Lakin ölkəyə gətirilən yüngül minik avtomobillərinin aksiz vergisinin dərəcələri müəyyən kateqoriya avtonəqliyyat vasitələri üzrə gələn il yanvarın 1-dən etibarən artırılacaq”.
Bunu Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov Baku TV-yə müsahibəsində deyib.
O qeyd edib ki, gələn il yanvarın 1-dən Vergi Məcəlləsi ilə bağlı qanun layihəsinin qüvvəyə minməsi gözlənilir. Bu təqdirdə mühərrikin işlək həcmi 3 min kub santimetrdən yuxarı və zavod buraxılış tarixi 3 ildən yuxarı olan avtomobillərin aksiz vergi dərəcələri dəyişdiriləcək:
“3001 kub sm-dən 4 min kub sm-dək aksiz vergi dərəcələri 13 manatdan 15 manata, 4001 kub sm-dən 5 min kub sm-ə qədər olan avtomobillərin aksiz vergisinin dərəcəsi 35 manatdan 40 manata, 5001 kub sm-dən yuxarı olanlar isə 70 manatdan 80 manata qaldırılır. Bu qərar 1 ildən 3 ilədək istehsal tarixi olan nəqliyyat vasitələrinə şamil edilməyəcək”.
İ. Hüseynov əlavə edib ki, 2019-cu ilin yanvarın 1-dən tam elektrik mühərrikləri ilə təchiz olunan avtomobillər əlavə dəyər vergisindən azad olunublar. Bu ildən isə hibrid avtomobillərin əlavə dəyər vergisindən azad olunması nəzərdə tutulur.